Rusiya Ermənistanda hərbi təlimlərə başlayıb

Rusiya bugünlərdə Ermənistandakı bazasında hərbi təlimə başlayıb. Təlim hərbçilərin kəşfiyyat-axtarış fəaliyyəti, çətin relyef şəraitində sığınacaqların təşkil edilməsi və naviqasiya üzrədir.

Gununsesi.info xəbər verir ki, martın əvvəlində də Rusiya Ermənistan ərazisində hərbi təlim keçirib. Rusiya artilleriyaçıları Ermənistanın Alagöz yüksək dağ poliqonunda təlimdə iştirak ediblər. Bütün bunlar həm Qarabağda, həm də Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı məlumatların yayıldığı bir dönəmə təsadüf edir.

Son həftələr Azərbaycan Rusiya sülhməramlılarını Ermənistanın Qarabağa quru yollarla hərbi yüklər çatdırmasını müşayiət etməkdə günahlandırır. Rusiya da Azərbaycanı Qarabağda mövqelərini önə çəkməkdə ittiham edir.

Oxşar açıqlama ilə Qarabağdakı tanınmayan qurumun təmsilçiləri də çıxış edib. Onlar bildirib ki, Azərbaycan qüvvələrinin ötən şənbə günü – martın 25-də irəliləməsi nəticəsində Xankəndi ilə Turşsu arasındakı torpaq yol tamamilə bağlanıb.

 

Gununsesi.info