Şəhid ailələri və qazilərin problemləri parlamentdə QALDIRILDI

  • By admin
  • 31 May 2023 12:57

“Ölkədə problemlərdən biri şəhid ailələri və qazilərin işlə təmin olunmasıdır. Ümumiyyətlə, 2022-ci ildə nə qədər qazi işlə təmin olundu? Nə qədəri işlə təmin olunmadı və səbəbi nədir? Bunlar açıqlanmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Deputat çıxışı zamanı qazi və şəhid ailələrinin problemlərini diqqətə çatdırıb.

“Qazilik statusu almayan, amma müharibədə iştirak edənlərdən elələri var ki, onların səhhətində problem yaranıb. Həmin şəxslər dərmanları özləri alır, dərmanla təminatda porblemləri var. Onların reseptlərinə köməklik göstərilməlidir. Həkim şəhidimiz polkovnik-leytenat Rasim Abdullayev çox az qalmışdı imtiyazdan yararlanıb ev alsın, amma şəhid olub, deyə ev ala bilmədi. İndi də şəhidin ailəsinə deyirlər ki, Kəlbəcərdə ev tikilsin, sizə ev veriləcək. Kəlbəcərli olaraq onsuz da ona ev veriləcək, amma bir hərbçi kimi imtiyazından yararlanmalıdır. Onun övladı evlənməlidir”.

Bundan əlavə, deputat ictimai yerlərdə tütün vasitələrinin çəkilməsinə qarşı addımların atılmadığını bildirib:

“İctimai yerlərdə tütün vasitələrinin çəkilməsinin dayandırılması və ya məktəbə yaxın yerlərdə belə məhsulların satılmasının qarşısının alınması ilə bağlı hansısa işlər görülməyib. Milli Məclis bununla bağlı çox yaxşı bir qanun layihəsi qəbul edib. Amma bunun icrası ilə bağlı addımların atılmasını görmürük. Ona görə də bu barədə danışmaq lazımdır ki, 2022-ci ildə niyə bu sahədə addımlar atılmayıb”.

Gununsesi.info