Sahil zolağı tullantılardan təmizlənib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin təşkiıatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, eləcə də EcoHub ekoloji platformasının könüllülərinin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib. Aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, 240 kiloqram tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.

Gununsesi.info xəbər verir ki, təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.

 

 

Gununsesi.info