Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb - VİDEO/FOTOLAR -YENİLƏNDİ

  • By admin
  • 22 Mart 2023 21:53

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin öldüyü, həyat yoldaşı, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli bildirib.

O bildirib ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, istintaq aparılır.

Xatırladaq ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev dünyasını dəyişib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

19:40

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtomobili idarə edə sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub: “Nəticədə onun idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. Bir nəfər qadının isə qolu sınıb və xəstəxaya yerləşdirilib”.

Qeyd edək ki, Oqtay Əliyev yaxın zamanlarda ürək əməliyyatı keçirib.

19:09

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Gununsesi.info