Tünzalə repressiyara məruz qalan babasından danışdı - MÜSAHİBƏ

  • By admin
  • 17 Yanvar 2021 23:59

Öz qeyri-adi obrazı ilə sevilib seçilən Xalq artisti Tünzalə Ağayeva fikrincə hər bir ifaçı öz musiqisinə özəlliyini qatmalıdır. Çünki o özü də belə ifaçılardandır. O, özünə və dinləyicisinə hər zaman hörmətlə yanaşdığını deyir. Xalq artisti uşaqlıqda çağdaş ədəbiyyatımızın nümayəndələri ilə xəyallarında söhbət etdiyini də deyib.

Səmimi söhbəti və geniş dünyagörüşü ilə hər zaman həmkarlarından seçilən Tünzalə Ağayeva ilə elə sənətdən, müasir musiqimizdən söhbət etdik.

Xalq artisti Tünzalə Ağayevanın Bizim.Media-ya verdiyi müsahibəsini təqdim edirik:

– Tünzalə xanım hər zaman öz tərzi ilə başqalarından seçilə bilib. Bu tərzi necə yarada bilmisiniz?

-İnsanların hər zaman hansı bir məsələyə öz baxış bucağı olur. Sənətdə qeyri-adilik, individuallıq hər zaman yadda qalan olur. Məsələn kimsə deyəndə aşpaz aş bişirib, o dəqiqə beynimizə klassik plov canlanır. Ancaq biz onun dadına baxanda, təəccüblənə bilərik. O bizim gözləmədiyimiz, qeyri-adi dad ola bilər. Çünki hər aşbazın yeməyə əlavə etdiyi şəxsi özəlliyi ola bilər. Sənətdə də belədir. Hər ifaçının musiqiyə qatdığı özünə məxsus tərzi var. Bu cür ustadlar, professionallar aktuallıqlarını itirmir.

– Mənə hər zaman sənətə gözlənilməyən şüurdan, yerdən daxil olmaq maraqlı olub. İlk mənim qeyri-adiliyim özü-özlüyümdə kəşf etdiyim klassik ədəbiyyata müraciətim olub. Normalda müasir kompozisiyada söz müəllifi və bəstəkar olur. Ancaq mən ilk olaraq, klassik ədəbiyyata müraciət etdim və musiqiləri özüm bəstələdim. Bu da mənə Allahın bir lütvüdir ki, bu missiyanı həyata keçirirəm.

– Siz mahnılarınızın çoxunda ədiblərimizin şeirlərinə müraciət edirsiz. Sizdə klassik ədəbiyyatımıza maraq haradan yarandı?

-Mən çox gənc yaşlarımdan ədəbiyyata aşiq olmuşam. Baxmayaraq ki, rus dilində təhsil alırdım və məktəbdə Azərbaycan dili fənni həftədə 2 dəfə keçirilirdi. Hər dəfə də olmasa da bizə Molla Pənah Vaqifin, Əliağa Vahidin qəzəllərini keçirdilər. İnanın, elə sevinirdim, çünki qəzəli çox sevirdim. Qəzəllərdə sözlərin axıcılıqlığı, dilimizin incəliyi, qulağımda səslənməsi məni cəlb edirdi. Tanış olmayan sözləri araşdırırdım.

– İllər keçdikcə gördüm ki, mən şeir oxuyanda onun ritmini, musiqisini eşidirəm. İlk eksperimentlərim o yaşlarımda başladı. Bu məndə Səməd Vurğun, Nəsimi, Nizaminin və digər ədiblərimizin yaradıcılığına maraq yaratdı. Nə qədər mistik səslənsə də etiraf edim ki, mən ədiblərimizlə kontakda olurdum, onlarla xəyalən söhbət edirdim. İllər keçdikcə milli ruhlu bir insan olduğumu başa düşdüm. Məni hər zaman sovet həyatı qıcıqlandırırdı. Öz-özümə sual verirdim ki, niyə biz müstəqil deyil, digər 14 sovet dövlətləri ilə bir yerdə yaşamaq məcburiyyətindəyik. Sözsüz ki, bu barədə heç kimlə danışmırdım, içimdə götür-qoy edirdim. Bundan yaranan boşluqlarımı ədəbiyyatla doldururdum. Müstəqilliyimizi ədiblərimizin şeirlərində, fikirlərində görürdüm.

-Mənim ata babam Seyid Hüseyn çox milliyətçi bir kişi olub. 1 may bayramında atın tərkində əlində qamçı ilə Stalinin şəklini qamçılayıb. Bu hərəkətinə görə, onu dərhal sürgün ediblər. Çox təəssüf olsun ki, sonradan atamgilin ondan heç bir xəbəri olmayıb. Məhz öz düşüncələrinə, azadlıq arzusuna görə, sovet hakimiyyəti onu yox edib. Ona görə ailəsi də çox böyük təzyiqlərə məruz qalıb. Yəqin ki, mənim də milli ruhum babamdan mənə qalan mirasdır. Onlar heç bir qorxu qarşısında Azərbaycanın müstəqilliyi üçün apardıqları mübarizədən çəkinməyiblər. Mən onda başa düşdüm ki, onların xəyalları mənim arzularımdır və bu mənim yaradıcılığımda da öz əksini tapdı. Bəlkə də mənim standartlardan kənar çıxan yaradıcılığım həmin o duyğuların məhsuludur. Mənim xəmirim belə yoğrulub və mən bu şüurla da yaradıcılığıma davam edirəm.

-Siz səhnəyə gəldiyiniz zaman elə ilk gündən hamıdan fərqlənməyi bacardınız. Bu sizə hansısa əngəllər törətmədi? Çünki hər zaman yeniliklər ilk dəfə cəmiyyət tərəfindən rədd edilir.

– Xeyr, əksinə. Mən çox xoşbəxtəm ki, səhnəyə ilk çıxdığım vaxtlardan musiqilərimə Vaqif Gərayzadə, Eldar Mansurov kimi müasir bəstəkarlar diqqət yetirdilər. Peşəkarlar mənim individuallığımı vaxtında qiymətləndirdilər. Mənim ilk albomum dəfələrlə tirajlandı.

– O baş yaylıqlı obraz necə yaranmışdı?

– İlk dəfə Bakı payızında “Gözlərin” mahnısı ilə çıxış etdim. Onda mən qeyri-adiliyimlə seçilə bildim. 20 illik dostum, prodüserim Yalçın və rəssam Zümrüd Mirzəliyeva mənə xüsusi imic yaratdılar və bu obraz ilə illərlə yadda qaldım. O zaman səhnə çox dolu idi, istedadlı ifaçılar var idi. Biz yadda qalmaq, seçilmək istəyirdik. Əslində qeyri-adiliyin altında çox sadə bir detal var idi- baş yaylığı. Baş yaylığı ilə bir qadını təəccübləndirmək olmazdı, bu hər birinin qarderobunda olan bir element idi.

– Hər bir qadın şaldan, yaylıqdan istifadə edir. Ancaq heç kəs bir estrada müğənnisinin səhnəyə başında yaylıq ilə çıxmasını gözləmirdi. Biz adi yanaşdığımız şeylərə fərqli yanaşdıq və onu bu cür təqdim etdik.

-Biz öz adətlərimizi qoruyub saxlamalıyıq. Müasir musiqinin nəfəsində  bu hiss olunmalıdır. Mənim üçün müasirlik də köklü olmalıdır. Çünki biz irsimizi, kökümüzü bilməsək havada qalarıq. Bu sütunlar dəyişməz olaraq qalmalıdır. Mən yaradıcılığımda həm klassikaya, həm də günün tendensiyasına köklənirəm. Mən bu gün bu trenddədir, bunu edim özümə reytinq yığım prinsipi ilə yaşamıram.

– Musiqini elə “bişirirəm ki” o həm mənim, həm də tamaşaçının zövqünü oxşasın.
Müasir ifaçılıq  Azərbaycan sözlərini əymək, vurğuları düz vurmamaq deyil. Öz dilimizi eybəcərlişdirməməliyik.  Bunun üçün dilimizə çox düzgün yiyələnməliyik. Ortaya keyfiyyətli iş çıxarmaq üçün hər bir mahnıya professional yanaşmaq lazımdır. Eyni zamanda öz individuallığını da qoruyub saxlamalısan. Bu pulla, reklamla başa gələn bir iş deyil. Mütləq şəkildə öz işini sevib ona əmək, zəhmət sərf etməlisən.

-Bu müasirliyi gənc bəstəkarların çalarlarında hiss edə bilirsiniz?

– Çox təəssüf ki, bəzən bunu duymaq olmur. Elə vaxt olur ki, yeni müasir mahnılara qulaq asıram. İnanın həmin o musiqini dinləyəndə bir dənə də olsun milli musiqi çaları eşitmirəm. Müasir musiqilərdə mütləq milli ruh olmalıdır. Əgər bir bəstəkar öz müasir musiqisində milliliyimizə toxunmursa, o mənim üçün sənət əsəri ola bilməz. Mən hər zaman gənclərimizə musiqidə milli ruhlarını qoruyub saxlamağı tövsiyyə edirəm.

– Məsələn sən əgər Əhmədsənsə, sabah gedib xaricdə oxuyanda Con olmayacaqsan. Hər zaman Əhməd kimi qalacaqsan. Musiqi də, sənət də bu biçimlə ölçülməlidir. Başqa mədəniyyəti bilmək, onunla öyünmək, onu öz mədəniyyətindən üstün tutmaq mənim üçün müasirlik deyil. Vaqif Mustafazadə qərbin caz musiqisini milli elementlərlə azərbaycanlaşdıra bildi. Bununla o yeni bir məktəb Azərbaycan cazını yaratdı. Biz bu prinsipə sadiq olmalıyıq. Bax, budur əsl musiqi təbligatı. Biz dünyada öz mədəniyyətimiz bu cür təblig etməliyik.

İstərdim yeni nəsil bəstəkarlarımız əvvəl özləri bir azərbaycanlı kimi formalaşsınlar, sonra isə müasirliyə can atsınlar. Çünki bizim kökümüz formalaşmağımıza yardım edir.

Bir millət hər zaman fərdlərlə formalaşır. Bunu unutmamalıyıq.

Gununsesi.info