Vəkillər Kollegiyasından Elçin Sadıqov açıqlaması

  • By admin
  • 15 Sentyabr 2022 00:23

Vəkillər Kollegiyası həbs olunan vəkil Elçin Sadıqovla bağlı bəyanat yayıb.

Kollegiyadan verilən xəbərə görə, bəyanatda deyilir:

“Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, Vəkillər Kollegiyası tam müstəqil təsisatdır və onun fəaliyyətinə bu və ya digər qaydada müdaxilə yolverilməzdir.

Vəkil Elçin Sadıqovun həbsi onun peşəkar hüquq müdafiə fəaliyyəti ilə bağlı deyildir. Bu məsələ ilə əlaqədar siyasiləşmiş, vəkilliyin ümumi maraqlarına cavab verməyən başqa maraqlara qulluq edən şəxslərin manipulə edilməsini, vəkilliyin qanuni mənafeyinə zidd kampaniyaların təşkilini qətiyyətlə pisləyirik. Belə manipulyasiyalar müstəqil vəkillik institutuna zərər vurur”.

Vəkillər Kollegiyası vəkilləri diqqətli olmağa, bu və ya digər dəqiq olmayan məlumatları bəyan və ya dərc etməməyə, cəmiyyətdə vəkilliklə bağlı yanlış təsəvvür yaratmamağa dəvət edir.

Rəyasət Heyəti vəkilin həbsi ilə bağlı məsələnin onun diqqət mərkəzində olduğunu qeyd edərək yaranmış suallarla bağlı bilavasitə Rəyasət Heyətinin Aparatına müraciət olunmasını xahiş edir.

Qeyd edək ki, Elçin Sadıqov özü həbsinin vəkillik fəaliyyəti ilə bağlı olduğunu bəyan edib.
Bundan başqa Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dünya Miyatoviç Elçin Sadıqovun həbsini pisləyib və hakimiyyətdən onu azad etməyi tələb edib.

Gununsesi.info