“Yeni idarəetmə üsulunun tətbiqi işin səmərəliliyini artırır” - Deputat

“İki ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqları fonunda ölkəmizin həyatında biri-birindən əhəmiyyətli hadisələr yaşanır. Təbii ki, bu, bir tərəfdən yeni reallıqların dünya gücləri tərəfindən qəbul edilərək, Azərbaycanın Ermənistana etdiyi sülh təklifinə dəstəklə, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlıdır. Sahibinə qovuşan torpaqlarımızda yeni idarəetmə üsulu tətbiq edilir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkilinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimiz bərpa-quruculuq işlərinə başlanan andan dünyanın diqqətindədir: “Bütün işləri sıfırdan öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan hər bir yeniliyin bu ərazilərin bərpasında öz əksini tapmasına səy göstərir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra edilir. Bu torpaqlarda təkmil infrastruktur layihələri həyata keçirilir ki, bu, hər bir bölgənin iqtisadi inkişafında vacib amildir. Dövlət başçısı İlham Əliyev Laçın rayonunun malik olduğu potensialdan, rayonda həyata keçirilən infrastruktur layihələrindən, kənd, qəsəbə yollarının bərpasından geniş bəhs etdi.

Malik Həsənov onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə üsulunun tətbiqi işin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır: “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırılmalıdır. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.”

“Azərbaycan yeni reallıqların müəllifi olaraq onlardan irəli gələn hər bir vəzifəni ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirir. Böyük Qayıdışın tam şəkildə reallığa çevriləcəyi gün uzaqda deyil”, – deputat vurğulayıb.

 

Gununsesi.info