Zəlzələnin 9-cu günündə ard-arda möcüzələr: Dörd nəfər xilas olundu - YENİLƏNİB + VİDEO

Zəlzələnin 9-cu günündə Hataydan daha bir sevindirici xəbər gəlib. Belə ki, Muna Dabul adlı əcnəbi qadın 204 saat sonra dağıntılar altından salamat çıxarılıb.

O, ilkin tibbi müdaxilədən sonra təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

16:51

Kahramanmaraşda yeddimərtəbəli binanın dağıntıları altından gənc cütlük xilas edilib. Məlumata görə, xilasetmə əməliyyatları zamanı qapıçının mənzilinin altında olan zirzəmidən səs eşidilib. Xilasedicilər dərhal işlərini sürətləndiriblər. Uzun sürən səylərdən sonra 24 yaşlı Hidayət Polad adlı qadın və 32 yaşlı həyat yoldaşı Müharrem Polat 203 saat sonra xilas ediliblər.

Ailə üzvlərindən digər üç nəfərin isə həlak olduğu öyrənilib.

16:35

Türkiyədə fevralın 6-da baş verən zəlzələdə dağıntılar altında qalan 40 yaşlı qadın 203 saat sonra çıxarılıb.

Xilasetmə əməliyyatı Hatayda həyata keçirilib.

Məlumata görə, yaralı qadın təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

15:04

Səhər saatlarında Kahramanmaraş və Adıyamanda dağıntılar altından üç gəncin xilas edilməsindən sonra daha bir şad xəbər Hataydan gəlib. Belə ki, dağıntılar altında qalan Mine Akgül zəlzələnin 202-ci saatında xilas edilib.

Onun ekskavator operatorunun diqqəti sayəsində tapıldığı vurğulanıb; dərhal həyəcan siqnalı verilib, axtarış-xilasetmə heyətinin üzvləri müdaxilə ediblər.

Məlumata görə, 26 yaşlı qadın çox dik və sıldırım yerdə qalıbmış. O, dağıntılar altından ehtiyatla çıxarılıb və dərhal termal yorğana bükülüb, sonra isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Əsrin fəlakətində ölənlərin sayı 31,9 minə çatıb.

Mənbə: Haberler.com, TRT Haber