“Ukraynada hazırda həqiqətən də gərgin vəziyyət yaranıb. Çünki Ukrayna ordusu, təəssüf ki, yalnız ərazi itkiləri ilə üz-üzə qalır. Yardımların zəifləməsi fonunda Rusiya 3–4 müxtəlif istiqamətdə hərbi əməliyyatlarını davam etdirir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev deyib:

“Digər tərəfdən, Rusiya artıq rus əsgərinin ayağı dəymədiyi əraziləri belə tələb edir və bütün bunlar yalnız Ukraynanın ərazi hesabına baş verir.
Belə bir vəziyyətdə Zelenski daha erkən dayanmalı, daha çevik və adekvat qərarlar qəbul etməli idi. Onun istefaya göndərilməsi isə indiki mərhələdə doğru görünməsə də, alternativ çıxış yolu da yoxdur. Çünki kimsə sülh və ya atəşkəs ilə bağlı qərarı imzalamalıdır. Rusiyanı dayandırmağın başqa yolu qalmayıb.
Əgər rəqib güclüdürsə və işğalçı hər gün yeni ərazilər əldə edirsə, müharibəni uzatmağın mənası yoxdur. Üstəlik, Ukraynanın atəşkəsi imzalamaq üçün real mexanizmləri də mövcud deyil.
Ümumiyyətlə, bu gün Ukraynanın Rusiyaya təzyiq və təsir göstərə biləcək heç bir vasitəsi yoxdur”.
Hərbi ekspertin fikrincə, Zelenskinin istefası doğru addım kimi görünsə də, bunun Ukrayna üçün hansısa müsbət nəticə verəcəyi gözlənilmir:
“Ukrayna yalnız pis variantlar arasında seçim etməyə məcburdur və həmin pis variantların içindən ən az zərərli olanını seçməlidir”.
Şəbnəm Rəhimova













