Ərdoğandan Putinə: Müharibə heç kimə fayda gətirməyəcək!

  • By admin
  • 17 Mart 2022 19:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıb. Bu gün isə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.

O söyləyib ki, hər kəs Ukraynanın apardığı mübarizəni görür:

“Ukraynın ərazi bütövlüyünü dəstəkləyirik. Humanitar yardımlarımız davam edəcək. Türkiyə ilk gündən etibarən savaşı dayandırmağa çalışır”.

***

Ərdoğan və Putin telefon danışığında Ukrayna böhranı ilə bağlı son prosesləri və humanitar vəziyyəti müzakirə edib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının məlumatında deyilir.

Ərdoğan daimi atəşkəsin əldə ediləcəyi təqdirdə uzun həll yolu perspektivinin yaranacağını ifadə edib, tərəflər arasındakı danışıqlarda müsbət nəticə əldə edilməsi istəyini bir daha xatırladıb.

Türk lider müəyyən məsələlərdə nəticə əldə etmək üçün liderlər səviyyəsində görüşün vacibliyini bəyan edib və Rusiya ilə Ukrayna dövlət başçılarını İstanbul, yaxud Ankarada qonaq qəbul edə biləcəyini bir daha xatırladıb.

Müharibənin heç bir tərəfə fayda gətirməyəcəyini söyləyən Ərdoğan humanitar vəziyyətin diqqətdə saxlanılması və humanitar dəhlizlərdən ikitərəfli qaydada hər hansı problem olmadan istifadənin vacibliyini diqqətə çatdırıb.

Gununsesi.info