“Azərbaycan Özbəkistanın Qərbə çıxışında mühüm rol oynaya bilər “

“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və iki dövlət arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi Azərbaycan–Özbəkistan əlaqələrində yeni mərhələnin başlanğıcıdır. Bu münasibətlər artıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəni-humanitar, təhsil və digər sahələri əhatə edən strateji əməkdaşlıq səviyyəsinə yüksəlir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib:

“Azərbaycan Özbəkistanda müxtəlif investisiya layihələrində iştirak edir. Eyni zamanda, Özbəkistanın da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya layihələri həyata keçirməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin formalaşdığını göstərir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi fonunda Özbəkistanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

İki ölkə arasında nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsi, xüsusilə birbaşa aviareyslərin artırılması və aviabiletlərin daha əlçatan olması xalqlar arasında birbaşa əlaqələrin güclənməsinə mühüm töhfə verə bilər.

Özbəkistanın Transxəzər nəqliyyat layihələrində və Orta Dəhlizdə daha fəal iştirakı da xüsusi əhəmiyyət daşıyır”.

Politoloq hesab edir ki, bu baxımdan Azərbaycan Özbəkistanın Qərbə çıxışında mühüm tranzit və logistika mərkəzi rolunu oynaya bilər.

“Eyni zamanda, Xəzər dənizində təhlükəsizlik və əməkdaşlıq məsələlərində iki ölkənin imkanlarının genişləndirilməsi gələcəkdə yeni formatların yaranmasına şərait yarada bilər. Bununla belə, konkret hərbi-dəniz əməkdaşlığı məsələləri Xəzəryanı dövlətlər arasında mövcud hüquqi çərçivə nəzərə alınmaqla həyata keçirilməlidir.

Bir sözlə, Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycanla Özbəkistan arasında münasibətlərin yeni geosiyasi reallıqlara uyğun olaraq daha yüksək səviyyəyə qaldırıldığını göstərir. Azərbaycan–Özbəkistan əməkdaşlığının dərinləşməsi Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da güclənməsinə, Azərbaycan və Özbəkistanın isə bu prosesdə əsas tərəfdaşlardan birinə çevrilməsinə imkan yaradır”,-deyə M.Əsədullazadə əlavə edib.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info