“Trampın 5000 dollarlıq vədi mübahisə yaradır” -ŞƏRH

  • Müəllif: Şəbnəm
  • 18 Sentyabr 2026 14:43

“Siyasətçilərin seçkiqabağı təşviqat kampaniyasında müəyyən vədlər, o cümlədən xarakterli vədlər, iqtisadi vədlər verməsində qeyri-adi heç nə yoxdur”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Siyasi partiyanın gələcəkdə həyata keçirəcəyi və vətəndaşlara maddi fayda verəcək proqramı vəd etməsi demokratik siyasətin normal elementidir. Qalib gələcəyi təqdirdə vergilərin azaldılması, pensiyaların artırılması, sosial proqramların genişləndirilməsi, səhiyyə xərclərinin azaldılması və sair bu kimi vədlər demokratik ölkələrdə adi seçki platformalarının tərkib hissəsidir.

ABŞ-da fəaliyyətdə olan prezidentin Konqresə aralıq seçkilərdə öz partiyasının namizədləri üçün təşviqat kampaniyasında iştirak etməsi də normal siyasi ənənə kimi qiymətləndirilir. Prezidentlər təşviqat kampaniyası çərçivəsində ayrı-ayrı ştatlara səfərlər edir, partiyasının mitinqlərində çıxış edir, partiya namizədləri üçün səs istəyir, seçkini öz administrasiyasının siyasətinə dəstək məsələsinə çevirirlər. Əsas yanaşma da bundan ibarət olub ki, bizim partiyanın namizədlərinə səs verin, Konqresdə üstünlük qazanaq, müəyyən sosial, iqtisadi və digər proqramlar qəbul edib həyata keçirək.

Lakin Konqresə bu ilin noyabr ayında keçiriləcək aralıq seçkiləri ilə əlaqədar Trampın verdiyi vəd adi seçkiqabağı təşviqat kampaniyasında verilən ənənəvi vədlərdən kəskin şəkildə fərqlənir. Tramp Texasda Respublikaçılar Partiyasının seçki kampaniyası qurultayında çıxışı zamanı bildirib ki, Konqresə noyabr ayında keçiriləcək aralıq seçkilərdə Respublikaçılar hər iki palatada qalib gəlsələr, ABŞ-ın hər bir yetkin vətəndaşına 5000 dollar dividend ödəyəcək. Demokratlar qalib gələrsə, ABŞ “kommunist ölkəsi”nə çevriləcək və amerikalıları “cəhənnəm” gözləyəcək.

Tramp bu “dividend”in necə — nağd pul şəklində, yoxsa iqtisadi və sosial proqramların icrası, o cümlədən vergilərin azaldılması nəticəsində ödəniləcəyini açıqlamır. Lakin bir məsələ aydındır ki, Tramp bu vədi seçicilərin konkret siyasi seçimi ilə onların şəxsi maddi qazancı arasında birbaşa əlaqə yaradılması deməkdir.

İlk baxışdan bunu hüquqi baxımdan seçicinin satın alınması və ya rüşvət kimi qiymətləndirmək mübahisəli olsa da, mümkün görünür. Yəqin ki, demokratlar da respublikaçılara qarşı belə siyasi ittiham irəli sürəcəklər.

ABŞ qanunvericiliyində hər hansı şəxsə səs verməsi, səs verməməsi, müəyyən namizədin lehinə və ya əleyhinə səs verməsi müqabilində maddi mükafat təklif etməyi cinayət hesab edir; federal vəsait hesabına mümkün olan iş, kompensasiya, müqavilə və ya başqa faydanın siyasi fəaliyyət və siyasi dəstək müqabilində vəd edilməsini qadağan edir.

Lakin burada bir hüquqi incəlik var. Tramp “dividend”i yalnız respublikaçılara səs verənlərə deyil, bütün yetkin vətəndaşlara, o cümlədən seçkilərdə iştirak etməyən, demokratlara səs verən seçicilərə vəd edir. Digər tərəfdən, Tramp həmin ödənişi özünün şəxsi və ya Respublikaçılar Partiyasının vəsaiti hesabına deyil, ABŞ dövlət büdcəsinin hesabına ödəməyi vəd edir. Bu isə klassik mənada seçicilərin satın alınması və ya rüşvət ittihamlarını mübahisəli edir”.

Günay

Gununsesi.info