“Rusiya Cənubi Qafqazda gedən proseslərə ciddi şəkildə müdaxilə edir” -ŞƏRH

“Rusiyanın Cənubi Qafqazla bağlı müəyyən gözləntiləri var. Bu gözləntilər çərçivəsində Azərbaycana qarşı real təzyiq və təsir rıçaqları məhduddur. Moskvanın maksimum edə biləcəyi addımlar əsasən ayrı-ayrı Rusiya rəsmilərinin bəyanatları, eləcə də Azərbaycan diasporunun bəzi nümayəndələrinə qarşı həbslər və ya ədalətsiz münasibətlərlə məhdudlaşır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Buna qarşılıq, Rusiyanın Ermənistana təsir imkanları daha genişdir. Xüsusilə gələn il Ermənistanda keçiriləcək seçkilər ərəfəsində Moskvanın baş nazir Nikol Paşinyana qarşı müxtəlif təzyiq mexanizmlərindən, o cümlədən “Tripp marşrutu” üzərindən istifadə etməsi açıq şəkildə hiss olunur. Paşinyanın Vladimir Putinlə son görüşündə də qeyd etdiyi kimi, müzakirə olunmalı bir sıra həssas məqamlar mövcuddur. Bu da Rusiyanın Cənubi Qafqazda gedən proseslərə ciddi şəkildə müdaxilə etməyə çalışdığını göstərir.

Azərbaycanla bağlı isə Rusiyanın imkanları məhduddur və rəsmi Bakı da buna uyğun olaraq diplomatik reaksiyalar verir, o cümlədən müəyyən tədbirlərə qatılmamaqla mövqeyini nümayiş etdirir. Ümumilikdə, Rusiyanın Cənubi Qafqaza yenidən təsirini artırmaq istəyi güclüdür.

Xüsusilə Ukrayna münaqişəsi kontekstində ABŞ-la konkret razılaşmanın olmaması, eləcə də Vaşinqtonun Avropa və NATO mövqelərinə yaxın çıxış etməsi fonunda, danışıqlar uzandıqca Moskva əlavə təzyiq istiqamətləri axtara bilər”.

Deputatın fikrincə, bu baxımdan Cənubi Qafqaz mümkün alternativ kimi nəzərdən keçirilir.

“Lakin bu prosesdə əsas təsir və oyun sahəsi yenə də Ermənistan üzərindən həyata keçirilir”,-deyə o əlavə edib.

 

 

Şəbnəm

Gununsesi.info