Boşanma zamanı uşağın xaricə aparılması qadağan edilə bilər?  

  • Müəllif: Orxan
  • 12 May 2026 10:53

Boşanma prosesində tərəflər arasında yaranan əsas mübahisələrdən biri də azyaşlı uşağın ölkə xaricinə aparılması ilə bağlı olur.

Xüsusilə valideynlərdən birinin uşağı başqa ölkəyə aparmaq istəməsi digər tərəfin etirazına səbəb olur.

Bu isə “boşanma zamanı uşağın xaricə aparılması qadağan edilə bilərmi?” sualını gündəmə gətirir.

Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyevin sözlərinə görə, azyaşlı uşağın ölkədən çıxışı ilə bağlı məsələlərdə əsas meyar uşağın maraqları və təhlükəsizliyidir.

O bildirib ki, bəzi hallarda valideynlərdən biri uşağın xaricə aparılmasına etiraz etdikdə məsələ hüquqi mübahisəyə çevrilə bilər.

Hüquqşünas qeyd edib ki, qanunvericiliyə əsasən, azyaşlı uşağın ölkədən çıxışı müəyyən hallarda hər iki valideynin razılığı ilə həyata keçirilir. Əgər valideynlər arasında razılıq yaranmırsa, məsələ məhkəmə qaydasında həll oluna bilər.

Onun sözlərinə görə, xüsusilə uşağın daimi olaraq başqa ölkəyə aparılması ehtimalı, valideynlərdən biri ilə əlaqəsinin məhdudlaşması və ya uşağın geri qaytarılmaması riski olduqda məhkəmə müəyyən məhdudiyyətlər tətbiq edə bilər.

“Uşağın hansı valideynlə qalmasından asılı olmayaraq, əsas prinsip onun mənafeyinin qorunmasıdır. Məhkəmə qərar qəbul edərkən uşağın təhlükəsizliyini, yaşayış şəraitini və psixoloji durumunu nəzərə alır,” – deyə hüquqşünas bildirib.

Uğur Əliyev əlavə edib ki, bəzi hallarda valideynlərdən biri aidiyyəti qurumlara müraciət edərək uşağın ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edə bilər. Bu zaman təqdim olunan sübutlar və risklər ayrıca araşdırılır.

Orxan
Gununsesi.info