Azərbaycan Milli Konservatoriyasının vokal ixtisası üzrə bakalavr məzunu Xalid Hacıyev işə qəbul olunmaması ilə bağlı narazılığını bildirib. O, gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində vakansiya olmasına baxmayaraq, işə götürülmədiyini iddia edir.
Xalid Hacıyev deyir ki, aprel ayında sözügedən məktəbə müraciət edib: “Vakansiyalar olmasına baxmayaraq, məni işə qəbul etməyəcəklərini bildirdilər. Səbəbini soruşduqda sadəcə “biz işə götürmürük” dedilər. Məndən əvvəl bəzi şəxslərin işə götürüldüyünü qeyd etdikdə isə onların Mədəniyyət Nazirliyindən göndərişlə gəldiklərini bildirdilər”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Baku TV-yə verilən açıqlamada qeyd olunub ki, müəllimlərin işə qəbulu ümumi qaydalara əsasən, müsabiqə yolu ilə həyata keçirilir:
“İmtahanlar namizədlərin fərdi müraciəti əsasında deyil, nazirlik tərəfindən müəyyən edilmiş vakansiyalar və elan edilmiş müsabiqə qrafiki çərçivəsində keçirilir. Növbəti müsabiqə və vakansiyalar elan olunduğu halda, bu barədə məlumat Mədəniyyət Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi informasiya resurslarında yerləşdirilir. Hazırda imtahanların avqust ayının ilk on günlüyündə keçirilməsi nəzərdə tutulub”.
Nazirlik vurğulayıb ki, namizədin əlilliyinin olması onun musiqi məktəbində müəllim kimi işə qəbul olunmasına avtomatik hüquqi məhdudiyyət yaratmır və əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır: “Lakin həmin şəxs digər namizədlərlə eyni qaydada müvafiq ixtisas tələblərinə cavab verməli, elan edilmiş vakansiya üzrə müsabiqədə iştirak etməli, test və müsahibə mərhələlərində uğurlu nəticə göstərməlidir”.












