“Rusiya yenidən “3+3” formatını dirçəltməyə çalışır. Bu formatı Güney Qafqazda son illərdə ən çox müzakirə olunan, lakin gerçəkləşməyən diplomatik platformalardan biri hesab etmək olar”.
Gununsesi.info bildirir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Üç Güney Qafqaz dövləti – Azərbaycan, Ermənistan və Gürcüstanın regionun üç böyük qonşusu – Rusiya, Türkiyə və İranla birlikdə təmsil olunmasını nəzərdə tutan bu mexanizm ilk baxışdan regional əməkdaşlıq təşəbbüsü kimi görünür. Lakin platformanın yaradılmasına ən ardıcıl dəstəyi verən dövlət məhz Rusiyadır. Moskva onu qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq formatı kimi təqdim etməyə çalışır.
Hesab edirəm ki, bu formatda müəyyən iqtisadi maraqlar olsa da, mahiyyət etibarilə geosiyasi məqsədlər üstünlük təşkil edir. Güney Qafqazda formalaşan yeni geosiyasi reallıq fonunda Rusiyanın israrı onun region siyasətinin dəyişdiyini və yeni mövqe axtardığını göstərir.
Bir neçə il əvvəl “3+3” platforması Rusiyanın regiondakı üstünlüyünü möhkəmləndirmək vasitəsi kimi nəzərdə tutulurdusa, bu gün Moskva onu tamamilə fərqli məqsədlərlə gündəmə gətirir.
Son beş ildə Güney Qafqazın geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və regionun aparıcı dövlətinə çevrilib. Türkiyənin təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Avropa İttifaqı və ABŞ regionda daha fəal rol oynamağa başlayıb. Yeni nəqliyyat və əlaqə xətlərinin yaradılması prosesi gedir. Rusiyanın ənənəvi dayaq nöqtəsi hesab olunan Ermənistan isə tədricən Moskvadan uzaqlaşaraq Qərbə yaxınlaşır.
Uzun illər özünü regionun əsas təhlükəsizlik təminatçısı və sülh prosesində başlıca vasitəçi hesab edən Rusiya artıq əvvəlki geosiyasi mövqeyə malik deyil. Demək olar ki, Moskvanın Güney Qafqazdakı təsir imkanlarının ciddi şəkildə zəifləməsi və regiondan sıxışdırılması prosesi son mərhələyə çatıb.
Belə şəraitdə Rusiyanın əsas məqsədi regiondan və regional proseslərdən tam kənarda qalmamaq, istənilən formada iştirakını qorumaq və regional layihələrdə yer almaqdır. Bu baxımdan “3+3″ platforması Moskva üçün yeni təsir mexanizmi rolunu oynaya bilər”.
Şəbnəm









