Rusiyada məhkəmə azərbaycanlı bloger Hüseyn Həsənovu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib.
Gununsesi.info xəbər verir ki, Moskvanın Presnenski Rayon Məhkəməsi blogeri çirkli pulların yuyulmasında təqsirli bilib.
Bildirilir ki, Hüseyn Həsənov hazırda ölkə xaricindədir və beynəlxalq axtarışa verildiyi üçün məhkəmə prosesi qiyabi keçirilib. O, ittihamları qəbul etməyib və bəraət alacağına ümid etdiyini bildirib.
İstintaqın versiyasına görə, bloger 2019–2021-ci illərdə 170 milyon rubldan çox vergi ödəməkdən yayınıb. Daha sonra həmin vəsaitin bir hissəsini leqallaşdırmaq məqsədilə Moskva-Sitidəki təxminən 68 milyon rubl dəyərində mənzilin satışı zamanı qeyri-qanuni sxemdən istifadə edib. İddialara əsasən, mənzilin alıcısı bank seyfinə pul əvəzinə peçenye (kraker) qutusu yerləşdirib və bununla daşınmaz əmlakı rəsmiləşdirib.
Prokurorluq Hüseyn Həsənovun 6 il azadlıqdan məhrum edilməsini, 155 milyon rubl cərimələnməsini və mənzilinin müsadirəsini tələb etmişdi.












