Azərbaycanda bank kartlarına köçürmələrin məhdudlaşdırılması ilə bağlı yeni qaydalar cəmiyyətdə gözlənildiyi kimi müxtəlif reaksiyalar doğurdu.
İlk sual da eyni oldu: “Bəs sosial şəbəkələrdə yardım istəyən insanlar necə olacaq?”
Son illər Azərbaycan elə bir dövr yaşadı ki, sosial şəbəkələr sadəcə ünsiyyət platforması olmaqdan çıxdı. Kiminsə övladı əməliyyat gözləyirdi, kiminsə evi yanmışdı, kiminsə aylardır aldığı maaş dərmanına çatmırdı. İnsanlar bank kartının nömrəsini paylaşır, tanımadığı adamlardan ümid gözləyirdi. Bəzən bir neçə saatın içində lazım olan məbləğ toplanırdı. Bəzən isə heç kim kömək etmirdi.
Amma bu mənzərənin başqa tərəfi də var idi. Eyni platformalarda yalan xəstəlik hekayələri, saxta sənədlər, duyğuların istismarı üzərindən böyük məbləğlər qazananlar da ortaya çıxdı. Xeyirxahlıq hissi bəzən alver predmetinə çevrildi. İnsanların mərhəməti sui-istifadəyə məruz qaldı.
İndi dövlət bu sahəyə nəzarəti artırmağa çalışır. Məntiq sadədir: kim yardım toplayırsa, bunun səbəbini rəsmi sənədlərlə əsaslandırmalıdır. Məqsəd odur ki, həqiqi ehtiyac sahibləri ilə fırıldaqçılar eyni sırada görünməsin.
Lakin cəmiyyətin narahatlığı da başadüşüləndir. Çünki Azərbaycanda sosial yardım istəyən hər kəs mütləq cinayətkar və ya dələduz deyil. Elə ailələr var ki, ayın sonunu çatdırmaq üçün sosial şəbəkədə yardım istəyir. Elə valideynlər var ki, övladının müalicəsi üçün vaxtla yarışır. Elə insanlar var ki, rəsmi prosedurları başa çatdırmağa imkanları və ya bilikləri yoxdur. Onlar üçün hər əlavə sənəd, hər əlavə gözləmə günü bəzən həyati əhəmiyyət daşıyır.
Bu qərarın ən həssas tərəfi də məhz budur. Nəzarət vacibdir, amma nəzarət ehtiyacı olan insanın qarşısında maneəyə çevrilməməlidir. Əgər yardım toplamaq üçün mürəkkəb prosedurlar yaranacaqsa, bunun yükünü ilk növbədə imkanlı yox, imkansız insanlar çəkəcək.
Əslində, problem təkcə bank kartları ilə bağlı deyil. Problem ondadır ki, Azərbaycanda minlərlə insanın dolanışığında təsadüfi ianə artıq sosial müdafiə mexanizminin bir hissəsinə çevrilib. Normalda dövlətin və sosial institutların həll etməli olduğu problemlər çox vaxt tanımadığın insanların köçürdüyü beş-on manatın ümidinə qalıb. Bu isə sağlam model deyil.
Bəlkə də, yeni qaydalar saxta kampaniyaların qarşısını alacaq. Bu, müsbət nəticə olar. Amma eyni zamanda sistem elə qurulmalıdır ki, həqiqətən köməyə ehtiyacı olan insan yardım almaq üçün öz dərdindən əlavə bürokratiya ilə də mübarizə aparmalı olmasın.
Çünki mərhəmətə nəzarət etmək olar. Amma mərhəmətin qarşısına divar çəkmək olmaz. Cəmiyyət o zaman güclü olur ki, həm fırıldaqçını dayandıra bilir, həm də həqiqətən köməyə ehtiyacı olan insanın əlindən tutmağı çətinləşdirmir.
Elmar











