Milli Məclisin deputatı Fazil Mustafa son yazıları ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Gununsesi.info -nun xəbərinə görə, o qeyd edib ki, yazılarının heç birində Şah İsmayılın adı çəkilməyib, yalnız Azərbaycan tarixinin müxtəlif dövrlərində formalaşmış düşüncə və ideologiyalar publisistik şəkildə təhlil olunub.
Fazil Mustafanın sözlərinə görə, buna baxmayaraq, ictimai müzakirələrdə mövzu fərdiləşdirilərək onun fikirləri Şah İsmayılla əlaqələndirilib.
Deputat bildirib ki, müxtəlif şəxslərin Şah İsmayıl ətrafında apardıqları polemikanın onların öz mövqeyi olduğunu düşünür və bu mübahisələrin ona aidiyyəti olmadığını vurğulayıb.
Fikirlərində Azərbaycan Xalq Cümhuriyyətini milli dövlətçilik tarixinin ən şərəfli mərhələsi adlandıran Fazil Mustafa, müstəqil dövlətçilik ənənəsinin əhəmiyyətini önə çəkib.
O, həmçinin Məhəmməd Əmin Rəsulzadəni müasir Azərbaycan dövlətçiliyinin qurucusu kimi qiymətləndirərək, onun irsinin bütləşdirilmədən öyrənilməsinin vacibliyini qeyd edib.
Sonda deputat bildirib ki, əsas məqsədi emosiyalarla deyil, ağılla mühakimə edən vətəndaşlara müraciət etmək və milli, müstəqil, dünyəvi dövlətçilik ideyasının əhəmiyyətini vurğulamaqdır.
Orxan











