Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan həbsxanasında saxlanılan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendə görüş təklifini şifahi şəkildə çatdırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın XİN sözçüsü Ani Bədəlyan bildirib.
Ruben Vardanyanın həyat yoldaşı isə bu gün səhər saatlarında bildirib ki, hökumətdən heç kim onunla əlaqə saxlamayıb. XİN bunu təkzib edərək Ruben Vardanyanın həyat yoldaşı ilə görüş təklifinin artıq müzakirə olunduğunu deyib.
XİN-in hansı rəsmisinin Veronika Zonabendlə görüşəcəyi soruşulduqda, XİN sözçüsü qeyd edib ki, “görüş səlahiyyətli qurumlar tərəfindən əməkdaşlıq çərçivəsində təşkil olunacaq”. Görüşün vaxtı hazırda dəqiqləşdirilir.
Qeyd edək ki, iyunda Ruben Vardanyanın həyat yoldaşı beynəlxalq qadın nümayəndə heyətinin Bakıya səfərini təşkil etmək üçün təşəbbüs elan edib.
Ötən ay Vardanyanın həyat yoldaşı iki dəfə Bakıya qarşıdan gələn səfəri ilə əlaqədar Baş nazir Nikol Paşinyana və Azərbaycan Ombudsmanına məktub göndərib.
Veronika Zonabend Səbinə Əliyevadan “görüşün təşkilini asanlaşdırmağı, səfərin mümkün formatını, ailə bağlamalarının çatdırılma prosedurunu, eləcə də nümayəndə heyəti üzvlərinin təhlükəsiz girişi, qalması və maneəsiz getməsi şərtlərini aydınlaşdırmağı” xahiş edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələr və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan fevralın 17-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.\Unikal









