Teatr fədaisi Elnur Məmmədov yubiley yaşını qeyd edir

Həyatda elə insanlar var ki, onların taleyi, ömür yolu sanki öncədən teatr üçün yazılır. Bu gün haqqında qısa da olsa bəhs etdiyim şəxsin də həyat, yaradıcılıq yolunu araşdıranda sanki, o məhz teatr üçün doğulub sözünü ağıla gətirmək olar.  

Ali təhsilini də bu sahə üzrə alması ilə bütün yolları onu arzuladığı, sevdiyi, qarşısından keçərkən xəyal etdiyi ana teatra Akademik Milli Dram Teatrına gətirib çıxarır. Çalışdığı dönəmlərdə hər zaman kollektivin, doğma truppanın sevgisini qazanan Elnur Məmmədovu həqiqətən Teatr fədaisi kimi təqdim etmək olar. Rəhbər şəxs olmasına baxmayaraq sadəliyi ilə teatrda kiçikdən böyüyə hamı ilə dil tapmağı bacaran bu şəxsin Akademik Milli Dram Teatrının Artist heyətinin idarə edilməsi bölməsinin müdiri Elnur Məmmədovun bu gün doğum günüdür.

Gununsesi.info xəbər verir ki, Fəxri mədəniyyət işçisi və Teatr fədaisi Elnur Məmmədov bu gün yubiley yaşını qeyd edir.

Elnur Məmmədov 14.08.1976-cı ildə Qərbi Azərbaycanın Böyük qara kiləsə, Güllüdərə kəndində anadan olub.

 

1994-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakültəsində təhsil alıb.

 

1996-1998-ci illərdə o, İrəvan Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışıb. Burada o, Ş.Başbəyovun “Dəmir qadın” əsərində Alimcan, İ.Vəliyevin “Abasqulu Şadlinski” sində Komsomol, V.Əliyevin “Madam Badam”ında Dursunəli, Ağacəfər ağa, Ş.Cəbrayılovun “Sehrli alma”sında Ağanəzər kimi obrazlar yaratmışdır.

 

Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığı illər ərzində Elnur Məmmədov Akademik Milli Dram Teatrının repertuarında olan bir neçə tamaşalarda kütləvi səhnələrdə çıxış etmiş, bir çox tamaşalarda müxtəlif rollarda oynamışdır.

 

V.Rozovun “Şadlıq sorağında” əsərində Nikolay, N.Hikmətin “Kəllə” dramında Hoqqabaz, polis, B.Vahabzadənin “Dar ağacı”nda Ərəb zabiti, V.Şekspirin “Hamlet” faciəsində Marsel, C.Cabbarlının “Ulduz yaxud Ədirnə Fəthi” adlı tarixi dramında Ərəb, Elçinin “Poçt şöbəsində xəyal”ında Poçt işçisi, U. Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” tamaşasında (Antoni) kimi irili-xırdalı maraqlı obrazlar yaratmışdır. Teatrın repertuarında Azər Mirzəyevin “İlin son dərsi” və özünün səhnələşdirdiyi “Novruz gəlir” əsərlərinə quruluş verib. 

Bir çox dövlət tədbirlərinin ikinci rejissoru və rejissor assistenti kimi fəaliyyət göstərib.

 

Elnur Məmmədov 2002-ci ildə Akademik Milli Dram Teatrında Truppa müdiri vəzifəsinə təyin olunub. 2003-cü ildə “SOY Production” MMC-də çalışıb.

Teatra olan böyük sevgisindən yenə o sənət ocağına geri qayıdaraq, 2005-ci ildə yenidən Akademik Milli Dram Teatrında Truppa müdiri vəzifəsinə təyin olunub. 2015-ci ildə teatrda Baş inzibatçı, 2016-cı ildən növbəti dəfə Truppa müdiri vəzifəsinə təyin olunub. Teatrdakı səmərəli fəaliyyətinə və xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi” döş nişanı ilə təlif olunub.

 

2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2026-ci ilin yanvarında Mədəniyyət Nazirliyinin apardığı islahatlara əsasən vəzifəsinin adında dəyişiklik olaraq Artist heyətinin idarə edilməsi bölməsinin müdiri olaraq fəaliyyətinə davam edib.

Bu ilin martın 27-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbirdə Elnur Məmmədov “Teatr fədaisi” mükafatına layiq görülüb.

Bir sıra Televiziya layihələrində, filmlərdə rol alıb.

Bunlardan:

Yay gününün xəzan yarpaqları (1987, tammetrajlı bədii film) – aktyor (Qurban)

 

Qeybdən gələn səs (2002, tammetrajlı film-tamaşa) – aktyor (köməkçi)

 

Yeni həyat (2005, tammetrajlı film-tamaşa) – aktyor

 

Yalan (2006, tammetrajlı bədii film) – aktyor

 

26 №-li ev (2008, qısametrajlı bədii film) – aktyor (Seyran)

 

Gürzə (2008, bədii serial) – aktyor (həkim)

 

“26 nömrəli mənzil” (2011), aktyor 

 

Mart hadisələri…Və yaxud “Qara oyunlar”- 2011, aktyor 

 

Arzulara gedən yolda (2012, qısametrajlı bədii film) – aktyor (tələbə)

 

Bayram axşamı (2017, tammetrajlı bədii film) – aktyor

 

İmir Məmmədlinin povesti əsasında “Vəli olmasın, Əli olsun” televiziya filmi (İctimai TV, 2025-ci il) – Bələdiyyə işçisi 

 

Əziz Elnur müəllimi, sizi yubiley yaşınız münasibətilə ürəkdən təbrik edir, bütün işlərinizdə uğurlar arzu edirik!

 

İlhamə Məmmədova 

Gununsesi.info