Yardımlı sakini əlillik komissiyasının qərarından narazıdır: rüşvət iddiası ilə bağlı müraciət edib

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 10:39

Yardımlı sakini Ataş Sədiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və TƏBİB-in İdarə Heyətinin sədrinə müraciət edərək əlilliyinin yenidən qiymətləndirilməsi prosesindən narazılığını bildirib.

Gununsesi.info -nun xəbərinə görə, Ataş Sədiyev müraciətində qeyd edib ki, 2013-cü ildən səhhətinin itirilməsi ilə əlaqədar ona II qrup əlillik təyin edilib və bu status 2026-cı ilin avqust ayınadək qüvvədə olub.

O, əlilliyinin yenidən qiymətləndirilməsi üçün tələb olunan sənədləri 1 avqust 2026-cı il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasına təqdim etdiyini bildirib.

Onun sözlərinə görə, tibbi sənədləri, laborator analizləri, mütəxəssis həkim rəyləri və digər müayinələri elektron qaydada “myGov” sistemində də əks olunub.

Ataş Sədiyev iddia edir ki, komissiyada Cəmil adlı həkim sənədlərində hər hansı çatışmazlığın olmadığını bildirib və onu əyani müayinə edib. Lakin daha sonra həkim onun hazırkı sağlamlıq vəziyyətinin əlillik təyin edilməsi üçün əsas olmadığını deyib. Vətəndaşın sözlərinə görə, bunun hansı tibbi göstəriciyə əsaslandığını soruşduqda ona konkret cavab verilməyib.

Müraciət müəllifi proseslə bağlı rüşvət ehtimalının olduğunu da iddia edib. O, həmçinin Cəmil İbadullayev adlı həkimdən Yardımlı sakinlərinin narazı olduğunu və bu şəxsin komissiyaya təyin olunmasından sonra rayonda xəstə vətəndaşların əlillik və müvafiq pensiya almaq imkanlarının azaldığını bildirib.

A.Sədiyev müraciətində həkimin vətəndaşlarla davranışının araşdırılmasını və onun barəsində tədbir görülməsini xahiş edib.

Qeyd edək ki, müraciətdə səsləndirilən rüşvət, korrupsiya və digər ittihamlar vətəndaş Ataş Sədiyevin iddialarıdır. Bu iddiaların doğruluğu aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalıdır.

Elmar

Gununsesi.info