“Biz “müttəfiqlik” ifadəsini diplomatiyada xüsusi bir termin kimi istifadə edirik. Ancaq elə regionlar var ki, onlarla münasibətdə biz məcburuq, gerçəklik naminə, “tarixi təbii müttəfiqlik” ifadəsini işlədək. Özbəkistan–Azərbaycan münasibətləri bu cür münasibətlərdir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:
“Çünki bu münasibətlərin kökü tarixin dərinliklərindən gələn müttəfiqlik münasibətləridir. Ona görə də bunlar həm də təbii münasibətlərdir. Yəni xalqlar müttəfiqlik haqqında sənəd imzalayarkən buna sona qədər sahib çıxmağı bacarırlar ki, bu siyasi-diplomatik sənədin arxasında xalqın iradəsi olsun.
Yəni bu zaman artıq müttəfiqlik yeni keyfiyyət qazanır və sadəcə rəsmi sənəd olmaqdan çıxır. Ona görə də mən düşünürəm ki, Özbəkistan–Azərbaycan arasında olan bu müttəfiqliyin kökü çox dərindir.
Sovet dövründə də Azərbaycan–Özbəkistan münasibətləri həmişə digər ölkələrlə münasibətlərdən bir qədər fərqlənib. Hər iki ölkə xalqlarının bir-birinə qarşılıqlı rəğbəti, tarixi yaddaşın ortaq olması, millət kimi formalaşmağımızda ortaq bir tarixin olması burada mühüm rol oynayıb.
Çox mühüm tarixi hadisədir ki, bu gün Özbəkistan və Azərbaycan münasibətləri bu səviyyəyə qalxıb.
Bu, hər birimizi sevindirir. Bu, hər iki xalqda bir bayram əhval-ruhiyyəsi yaradır. Amma dediyimiz bu mərhələyə münasibətlərin çatması üçün liderlərin çox mühüm rolu vardır.
Yəni bizim tarixçinin və yaxud xalq tarixçisinin bildiyi tarixi həqiqətlər, gerçəklər lider tərəfindən də bilinib təbliğ ediləndə, bu, tarixi təbii müttəfiqliyə gətirib çıxarır. Biz hazırda bu hadisəyə şahid oluruq.
Amma bu məsələnin sadəcə mənəvi, humanitar, tarixi və mədəni tərəfi var. Bir də məsələnin real müttəfiqliyinin real iqtisadi layihələrlə dəstəklənməsi var. Biz bilirik ki, hələ 2023–2025-ci illərdə atılan addımlar, 2024-cü ildə Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması dediyimiz münasibətləri artıq tarixi yaddaş kontekstindən bugünkü real iqtisadi, siyasi, sosial və mədəni münasibətlərə keçirir”.
Deputat qeyd edib ki, 10 il əvvəl Özbəkistanla bu cür münasibətləri qurmaq mümkün deyildi.
“Çünki 10 il əvvəlki gerçəklik fərqli idi. Bu gün Azərbaycan yaratdığı yeni reallıqlarla Özbəkistan üçün Avropaya açılan qapıdır.
Bunu çox konkret demək lazımdır. Çünki çıxışların birində Azərbaycan Prezidenti qeyd etmişdir ki, bizim coğrafiyamız çox əhəmiyyətlidir. Ancaq okeanlara çıxış olmadığı üçün bu, bizim geostrateji natamamlığımızdır.
Mənə elə gəlir ki, eyni fikri qardaş Özbəkistan haqqında da vermək olar. Türkistan coğrafiyasının, Mərkəzi Asiya coğrafiyasının çox önəmli dövlətidir, amma onun okeanlara çıxışı yoxdur, açıq dənizlərə çıxışı yoxdur. Bu çıxışı qardaş Özbəkistan necə əldə edir? Azərbaycanın yaratdığı yeni reallıqlar, yeni kommunikasiyalar və nəqliyyat mərkəzləri ilə əldə edir.
Ona görə də məsələnin strateji əhəmiyyətinə gəldikdə mahiyyət bundan ibarətdir. Biz bilirik ki, Özbəkistanın çox böyük nemətləri, sərvətləri var, yeraltı sərvətləri var, nadir torpaq elementləri var, litiumu var, çeliumu var və s. Bunların istismar edilməsi ilə bağlı da bir çox Avropa ölkələrinin imzaladığı strateji sənədlər var. Amma yol varmı? Bunların Avropaya getməsi üçün yol varmı?
Bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti fikir səsləndirdi ki, Avropa İttifaqı bu yolun bu hissəsinə sərmayə qoymaq istəyir, bu prosesdə ittifaq yaratmaq istəyir. Yəni məsələnin dərinliyinə varsaq, görəcəyik ki, elə buradan Çindən Avropa İttifaqına qədər uzanan yeni geostrateji hadisə baş verir. Bu da, əlbəttə ki, bizi qürurlandırır.
Ona görə də mən düşünürəm ki, Özbəkistanda səfərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev azərbaycanlılara xas bir ifadə işlətdi.
Bildirdi ki, Özbəkistanla Azərbaycan arasında əbədi dostluq haqqında müqavilə imzalanacaq.
Mən düşünürəm ki, bu, çox maraqlı bir hadisədir”.
Afət









