“Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin görüşü TDT-nin siyasi və təhlükəsizlik gündəliyinin getdikcə daha da dərinləşdiyini göstərir”.
Bunu Gununsesi.info-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“Prezident İlham Əliyevin çıxışında TDT-nin beynəlxalq arenada rolunun gücləndirilməsi, üzv ölkələrin böyük siyasi, iqtisadi və demoqrafik potensialının vahid məqsədlər ətrafında səfərbər edilməsi əsas istiqamətlər kimi önə çəkilmişdir.
Müasir geosiyasi reallıqlar fonunda regional təhlükəsizlik, terror təhdidləri, enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, təhlükəsizlik qurumları arasında operativ informasiya mübadiləsi və mümkün təhdidlərin qabaqlanması xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, təhlükələrin yalnız fiziki deyil, ideoloji və informasiya xarakteri daşıdığı vurğulanaraq gənclər arasında milli-mənəvi dəyərlərin qorunması və TDT ölkələrinin gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi vacib istiqamət kimi qeyd edilmişdir.
Azərbaycan-Türkiyə münasibətləri başda olmaqla, üzv dövlətlər arasında müttəfiqlik əlaqələrinin genişlənməsi bu birliyin siyasi dayaqlarını daha da möhkəmləndirir.
Azərbaycanın enerji və nəqliyyat imkanları, Avropa ilə Asiya arasında strateji mövqeyi isə TDT-nin regional bağlantılar və enerji təhlükəsizliyində rolunu artıran mühüm amillərdəndir.
Bütün bunlarla yanaşı, beynəlxalq hüququn üstünlüyünün təmin edilməsi, beynəlxalq qərarların icrasına real mexanizmlərin yaradılması da görüşün mühüm siyasi mesajlarından biri oldu.
Bakıda keçirilən görüş göstərir ki, TDT artıq yalnız əməkdaşlıq platforması deyil, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və beynəlxalq hüquq məsələlərində daha fəal mövqe ortaya qoymağa çalışan strateji birlikdir”.
Şəbnəm











