Bir vaxtlar ailə üçün böyük və özəl bir xəbər olan şeylər indi sosial şəbəkələrin “kontent”inə çevrilir.
Hamiləlik xəbəri elan edilir, ultrasəs görüntüləri paylaşılır, körpənin adı əvvəlcədən açıqlanır, ardınca isə növbə “gender party”yə çatır. Rəngli tüstülər, şarlar, tortlar, qutular, konfeti yağışı, musiqi və kameralar…
Hamı bir anı gözləyir: uşağın qız, yoxsa oğlan olduğunu öyrənmək.
Əslində isə, burada qəribə bir sual yaranır:
Uşağın dünyaya gəlməsi niyə artıq sadəcə ailənin sevinci deyil, tamaşa olmalıdır?
“Gender party” adlandırılan bu mərasimlər son illərdə sosial şəbəkələrin təsiri ilə geniş yayılıb. Əvvəllər daha çox bloqerlərin, influencerlərin həyat tərzinin bir hissəsi kimi görünən bu tendensiya indi adi ailələr arasında da yayılır. Birinin etdiyi digəri üçün nümunəyə çevrilir. Sonra həmin nümunə “hamının etdiyi şey” təsəvvürü yaradır.
Beləcə, sosial şəbəkə əvvəlcə bir davranışı göstərir, sonra onu normallaşdırır, daha sonra isə insanlarda həmin davranışı təkrarlamaq ehtiyacı yaradır.
Burada məsələ kiminsə uşağının cinsiyyətini şar partladaraq öyrənməsində deyil. İnsan istədiyi kimi sevinə bilər. Problem ailənin ən şəxsi hadisələrindən birinin getdikcə nümayiş obyektinə çevrilməsidir.
Bizim cəmiyyətdə ailə anlayışının mühüm xüsusiyyətlərindən biri məhz özəl olanı qorumaq olub. Hər sevincin, hər xəbərin, hər ailədaxili hadisənin hamının gözü qarşısında yaşanması vacib sayılmayıb. Xüsusilə də hələ dünyaya gəlməmiş uşağın həyatının ilk mərhələlərindən etibarən sosial şəbəkə auditoriyasının qarşısına çıxarılması bir qədər düşünməyə vadar edir.
Əvvəllər körpə doğulanda ailə sevinərdi. Yaxınlar xəbər tutardı. Uşağın dünyaya gəlməsi öz-özlüyündə kifayət qədər böyük hadisə idi. İndi isə bəzən elə təsəvvür yaranır ki, hadisənin özü yox, onun necə çəkilməsi və necə paylaşılması daha vacibdir.
Bir qutu açılır. İçindən çəhrayı və ya mavi rəngli şarlar çıxır. Hamı qışqırır. Telefonlar çəkir. Video montaj olunur. Musiqi əlavə edilir. Və paylaşılır.
Nəticədə ailənin sevinci sosial şəbəkə üçün hazırlanmış kiçik bir şouya çevrilir.
Ən maraqlısı isə budur ki, bu tendensiyanın başlanğıcında əsasən bloqerlər dayanırdı. Onların həyatının demək olar ki, hər mərhələsi kamera qarşısında olduğu üçün hamiləlik də, doğuş da, uşağın cinsiyyəti də kontentə çevrilirdi. Amma sosial şəbəkələrin təbiəti belədir: məşhur birinin etdiyi hərəkət bir müddət sonra “adi həyat tərzi” kimi təqdim olunur.
Beləliklə, dünənə qədər heç kimin ağlına gəlməyən bir şey bu gün “niyə biz də etməyək?” sualına çevrilir.
Bu isə artıq başqa bir problemdir: sosial müqayisə.
İnsanlar bir-birinin həyatını izlədikcə öz ailə həyatlarını da həmin görüntülərlə müqayisə etməyə başlayırlar. Birinin böyük məclisi varsa, digəri də böyük məclis etmək istəyir. Birinin bahalı dekorasiyası varsa, digəri daha fərqlisini axtarır. Birinin videosu yüz min baxış toplayırsa, başqası da öz sevincini daha “gözoxşayan” formada təqdim etməyə çalışır.
Beləcə, ailə sevinci yavaş-yavaş yarışa çevrilir.
Halbuki uşağın qız və ya oğlan olması nə nailiyyətdir, nə də sosial tədbir keçirməyi tələb edən bir hadisədir. Bu, uşağın bioloji xüsusiyyətlərindən biridir. Əsas məsələ onun sağlam dünyaya gəlməsi, sevgi və qayğı içində böyüməsidir.
Qız da olsa, oğlan da olsa, körpənin ilk ehtiyacı kamera qarşısında möhtəşəm təqdimat deyil. Valideynlərinin sevgisi, məsuliyyəti və qayğısıdır.
Mental ailə dəyərləri baxımından da burada müəyyən suallar ortaya çıxır. Azərbaycan ailə modelində ailə sevinci həmişə nümayiş üzərində qurulmayıb. Ailə daha çox yaxınlıq, paylaşmaq, böyüklərə hörmət, uşağa qayğı və ailədaxili bağlarla izah olunub. Əlbəttə, zaman dəyişir, insanlar əyləncə formalarını dəyişirlər. Amma dəyişiklik hər yeni sosial media trendini ailə dəyərinə çevirməyi tələb etmir.
Hər gördüyümüz dəbi həyatımıza gətirmək məcburiyyətində deyilik.
Xüsusilə də sırf sosial şəbəkədə “gözəl görünür” deyə.
Çünki sosial şəbəkə həyatın özü deyil. Orada gördüyümüz görüntülər seçilir, hazırlanır, montaj edilir və təqdim olunur. İnsan isə bəzən həmin görüntünü real həyatın standartı kimi qəbul edir.
Əslində ailənin böyüklüyü onun keçirdiyi tədbirin miqyası ilə ölçülmür.
Bir körpənin dünyaya gəlməsi üçün yüz nəfərin qarşısında şar partlatmağa ehtiyac yoxdur.
Bir ailənin xoşbəxtliyi üçün dekorasiya lazım deyil.
Bir uşağın sevilməsi üçün sosial şəbəkədə paylaşım edilməsinə ehtiyac yoxdur.
Bəlkə də ən gözəl “gender party” heç kimin görmədiyi, yalnız ailənin öz daxilində yaşadığı kiçik bir sevincdir. Ana ilə atanın bir-birinə baxıb gülümsəməsi, babanın nəvəsinin xəbərini eşidəndə sevinməsi, nənənin dua etməsi…
Çünki ailə hər şeydən əvvəl auditoriya qarşısında qurulan səhnə yox, insanların bir-birinə aid olduğu məkandır.
Sosial şəbəkələr isə bu sərhədi getdikcə silir. Şəxsi həyatın sərhədləri genişləndikcə ailə də yavaş-yavaş tamaşaçı axtarmağa başlayır.
Bəlkə də, əsas sual “gender party etmək olarmı?” deyil.
Əsas sual budur:
Biz niyə ailəmizə aid hər sevinci başqalarına göstərməyə ehtiyac duyuruq?
Cavabımız “hamı edir”, “trenddir”, “gözəldir”, “video yaxşı baxış yığır” olacaqsa, deməli, söhbət artıq ailə dəyərindən yox, sosial media davranışından gedir.
Uşağın dünyaya gəlməsi onsuz da kifayət qədər böyük hadisədir.
Onu tamaşaya çevirməyə ehtiyac yoxdur.
Elmar









