BMT-nin Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşərək, Azərbaycan-Belarus strateji tərəfdaşlığını və onun gələcək inkişaf perspektivlərini müzakirə edib.
Gununsesi.info xəbər verir ki, tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksəksəviyyəli siyasi dialoqun və hər iki ölkənin liderləri arasındakı təmasların, eləcə də ticarət-iqtisadi əməkdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiyanın mühüm rolunu vurğulayıblar. Həmçinin BMT, MDB, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar çərçivəsində sıx əlaqələndirmənin əhəmiyyəti qeyd olunub.
İkitərəfli danışıqlardan sonra nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Planı”nı imzalayıblar.
Bundan əlavə, tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsələləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Bu sənədlər tərəfdaşlığımızın institusional əsaslarını daha da möhkəmləndirəcək və qarşıdakı illərdə ikitərəfli əlaqələndirməni yeni səviyyəyə qaldıracaq.












