Bakının Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.
Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.
Həyata keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib.









