Dəmiryolçular peşə bayramını qeyd edir

Bu gün Azərbaycanda dəmiryolçuların peşə bayramıdır. Ölkənin nəqliyyat sistemində mühüm yer tutan dəmir yolları sərnişin və yük daşımalarının təşkili, iqtisadi əlaqələrin genişlənməsi və regional əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycan dəmir yollarının yenilənməsi, daşımaların keyfiyyətinin yüksəldilməsi və nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif illərdə mühüm işlər görülüb.

Bu sahədə Cavid Qurbanovun rəhbərliyi dövründə həyata keçirilən yenidənqurma və yeniləşmə işləri xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi dövründə Azərbaycan dəmir yollarında böyük yenidənqurma və müasirləşmə işləri aparılıb.

Həmin dövrdə Bakı Dəmir Yolu Vağzalı yenilənib, müasir “Stadler” qatarları alınıb, Bakı–Sumqayıt və Bakı dairəvi dəmir yolu xətləri inkişaf etdirilib, yeni vağzal kompleksləri istifadəyə verilib. Görülən işlər dəmir yolu nəqliyyatının imkanlarının genişlənməsinə və sərnişin daşımalarının yaxşılaşdırılmasına təkan verib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu il noyabrın 19-da Sabunçu–Pirşağı dəmir yolu xəttinin açılışında çıxış edərkən bu sahədə əldə olunan irəliləyişi xüsusi vurğulayıb:

“Xüsusilə Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var”.

Prezident həmin çıxışında Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci, keyfiyyətinə görə isə 34-cü yerdə olduğunu da qeyd edib.

Dəmir yolu nəqliyyatının inkişafı yeni qatarların alınması və xətlərin yenilənməsi ilə yanaşı, təhlükəsiz və vaxtında daşımaların təşkili, xidmət səviyyəsinin yüksəldilməsi ilə də bağlıdır. Bu işlərdə dəmiryolçuların əməyi danılmazdır.

Peşə bayramı münasibətilə bütün dəmiryolçuları təbrik edir, onlara cansağlığı və işlərində uğurlar arzulayırıq.

 

 

Elmar

Gununsesi.info