Sənan Həsənov: “Azərbaycanda təhsil dünyəvidir və din dövlətdən ayrıdır”

  • Müəllif: Firuzə
  • 14 Oktyabr 2026 10:27

Məktəblərdə dini simvolların və dini geyim elementlərinin istifadəsi dünyəvi təhsil prinsipləri baxımından müzakirə mövzusu olaraq qalır.

Maraqlıdır, bəs bu məsələyə hüquqi baxımdan hansı meyarlarla yanaşılmalıdır və dini etiqad azadlığı ilə təhsil müəssisələrinin daxili qaydaları arasında tarazlıq necə qorunmalıdır?

Bu barədə Gununsesi.info-ya Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi Sənan Həsənov danışıb.

O bildirib ki, müasir dövrdə gənc nəslin müxtəlif informasiya mənbələrinə çıxış imkanlarının genişlənməsi həm müsbət, həm də ehtiyatlı yanaşma tələb edən prosesdir.

“Çox zaman dövlətlər milli ənənələri və daxili qanunlarını bu virtual dünyada itirmək təhlükəsi ilə üzləşirlər. Bu, beynəlmiləl inteqrasiya deyil. Azərbaycan elə dövlətlərdəndir ki, ideologiyamız milli, milliliyimiz isə bəşəri dəyərlərə hörmətlə inkişaf etmək yolunu seçib. Qanunlarımızda da bu, çox aydın şəkildə əksini tapıb”, – deyə Sənan Həsənov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqillik illərində təhsil siyasəti bir neçə mərhələdən keçib. Təcrübə göstərir ki, təhsildə yeni nailiyyətlərə nail olmaq milli təhsilin dünyəvilik prinsipləri və müasir inkişaf meyilləri ilə uzlaşdırılmasını zəruri edir.

Alim vurğulayıb ki, təhsil kompleks sistem olduğundan bu sahəyə həssas yanaşmaq cəmiyyətin və dövlətin mühüm vəzifələrindəndir.

Sənan Həsənovun fikrincə, Konstitusiya və qanunvericilikdə dövlətin və təhsil sisteminin əsas prinsipləri müəyyənləşdirilib.

O bildirib ki, dini etiqad, inanc və ibadət məsələləri qanunvericilik çərçivəsində tənzimlənir, təhsil müəssisələri isə öz fəaliyyətlərini müəyyən edilmiş qaydalara uyğun qurmalıdır.

“Azərbaycanda təhsil dünyəvidir və din dövlətdən ayrıdır. Təhsilin öz norma və prinsipləri, hər kəsin əməl etməli olduğu qaydaları var. Çünki gələcəyin bütün sahələrində çalışacaq vətəndaşlar, qurucular burada yetişir. Düşünməliyik ki, ilk növbədə, qaydalara əməl etməyi elə buradan öyrənməliyik. Bu, gələcəyin bünövrəsidir”, – deyə o bildirib.

Alim əlavə edib ki, cəmiyyət təhsil sisteminə və onun fəaliyyətini tənzimləyən qaydalara ciddi yanaşmalıdır.

Onun sözlərinə görə, təhsil müəssisələrində ümumi qaydalara əməl olunması sistemli şəkildə təmin edilməlidir.

Sənan Həsənov dini məkanlarla təhsil müəssisələrinin fəaliyyət prinsiplərini müqayisə edərək qeyd edib ki, hər bir mühitin özünəməxsus qaydaları var və həmin məkanlarda fəaliyyət göstərən şəxslər bu qaydalara riayət etməlidirlər.

O hesab edir ki, təhsil müəssisələrində dini simvol və atributlardan istifadə yeniyetmələr arasında fərqli mühitlərin və baxışların formalaşmasına, eləcə də mövcud qaydalarla bağlı mübahisələrə səbəb ola bilər.

Sənan Həsənov, həmçinin bildirib ki, Azərbaycanda hicaba və dini baxışlara ümumi qadağanın olmadığını nəzərə almaq lazımdır.

Onun fikrincə, bu məsələlərə yanaşarkən cəmiyyətdə çaşqınlıq yaranmasının qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalı, eyni zamanda qanunvericiliyin tələblərinə əməl olunmalıdır.

Alim iddia edib ki, müəyyən hallarda nizamsızlıqdan və xarici qüvvələrin fəallaşmasından ölkənin ideologiyasına və dövlətçiliyinə qarşı istifadə etməyə cəhd göstərilə bilər.

“Bu istiqamətdə bir tərəfdən maarifləndirmə işi aparılmalıdır. Digər tərəfdən isə qaydalara əməl olunması ilə bağlı tədbirlər davam etdirilməlidir”, – deyə Sənan Həsənov fikrini yekunlaşdırıb.

Orxan
Gununsesi.info