“Pulumuzu qaytarın”

Vaxtilə Dövlət Tərcümə Mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə (AYB) qaytarılmalıdır.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, bunu AYB sədri, Xalq yazıçısı Anar Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər:

Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

Xalq yazıçısı bu maliyyə yardımının Yazıçılar Birliyi üçün zəruri olduğunu vurğulayıb:

“Tərcümə Mərkəzi əvvəl Yazıçılar Birliyinin tərkibində yaranmışdı, çox yaxşı fəaliyyət göstərdi. Sonra ayrı bir qurum kimi fəaliyyətə başladı. Olsun. Lakin günün birində bu mərkəz nədənsə bağlandı. Yəqin belə lazım biliblər. Amma məsələ odur ki, mərkəz bizdən ayrılanda büdcəsini də özü ilə apardı, indi bizim o büdcəyə ehtiyacımız var”.

Anar əlavə edib ki, həmin maliyyə vasitəsilə Birlikdə müxtəlifyönlü muzeylər yaradıla bilər.