Magistral su kəmərinin üzərində “qanuni” fəlakət yaşanır — FOTOLAR

  • Müəllif: Firuzə
  • 13 Noyabr 2026 21:26

Nizami rayonu, Bəkir Çobanzadə küçəsində mağıstral və yüksək təzyiqli su kəmərlərində sızmalar var. Əraziyə ağır texnika gətirilib, obyektlərin qarşısını qazırlar. Elə obyektlər var ki, mağıstral su kəmərlərinin mühafizə zolağını da aşır və birbaşa kəmərlərin üzərindədir. Həmin obyektlərin altından keçən kəmərlərdə sızma və partlama baş verəndə yüksək təzyiqli su şırnağı obyekti də darmadağın edəcək.

Gununesi.info xəbər verir ki, Keşlə qəsəbəsində evlər kanalizasiya kollektorunun üstündə tikilmişdi. Abşeron yarımadasına düşən son güclü leysan və sel zamanı kollektor təzyiqə tab gətirməyərək üzərindəki tikililəri dağıtdı. Üstəlik, kollektorun qəza təmiri də məhz üzərində evlər tikildiyindən vaxtında mümkün olmadı. İndi Bəkir Çobanzadə küçəsində isə təhlükənin miqyası müqayisəolunmaz dərəcədə böyükdür. Burada söhbət kanalizasiya xəttindən deyil, şəhərin su təminatının əsasını təşkil edən nəhəng diametrli, yüksək təzyiqli magistral su kəmərlərindən gedir.

a0f80481-35ab-4f57-b2da-5f1394929559.jpeg (437 KB)

Qanunvericilik bu cür strateji ərazilərdə hər hansı tikinti və mülkiyyət hüququ yaradılmasını birmənalı şəkildə qadağan edir. Amma reallıq tam başqadır. Ərazi sənədləşdirilib və bu gün açıq şəkildə satışdadır.

Ən dəhşətlisi odur ki, “Azərsu” ASC və ya Birləşmiş Şəhərlər Su Təchizatı Birliyi kimi aidiyyəti qurumlar bu qəza vəziyyəti zamanı həmin magistral xətlərə heç cür gedib çıxa bilmirlər – çünki üstü betonlaşdırılıb, obyektlər və villalarla zəbt olunub. Fövqəladə vəziyyət yarandığı halda təcili tədbirlərin görülməsi qeyri-mümkündür.

Bu təhlükəli prosesin başlanğıcı təsadüfi deyil. Hadisələrin xronologiyası açıq şəkildə göstərir ki, strateji infrastrukturun zəbt olunması addım-addım, müxtəlif qurumların və məhkəmələrin qərarları ilə necə leqallaşdırılıb!

Məsələn, 20 aprel 2018-ci ildə Bakı şəhəri, Çobanzadə küçəsində yerləşən 911 kv.m. torpaq sahəsinin 49 il müddətinə abadlıq və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi təyinatı üzrə Həmidov Cəlal Əli oğlu ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında 1460 saylı icarə müqaviləsi bağlanıb. Həmidov Cəlal Əli oğlunun qəyyumu Həmidova Tamara Əliyevnanın sifarişi əsasında icarəyə verilmiş torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün “Kəngərli” MMC tərəfindən “Geodeziya işləri” sənədi tərtib edilib.14 iyul 2022-ci ildə isə1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1391/2022 saylı qətnaməsi əsasında torpaq sahəsinin ölçüsü 871 kv.m.-ə dəyişdirilib, icarə haqqı azaldılıb. 29.05.2025 Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7780/2025 saylı qərarı ilə Çobanzadə küçəsi, 30 C ünvanında yerləşən 871 kv.m torpaq sahəsi üzərində Həmidov Cəlal Əli oğlunun icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilib. 08 sentyabr 2025-ci ildə isə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 009011002215 reyestr və 1125125416 qeydiyyat nömrəli çıxarışla 871 kv.m torpaq sahəsi üzərində icarə hüquqlarını rəsmiləşdirib. Beləcə sadəcə texniki prosedur kimi görünən gedişatla məhkəmələr magistral su kəmərlərinin mühafizə zolağının ələ keçirilməsinə və birbaşa kəmərlərin üzərində obyekt tikilməsinə yol açıblar.

53724108-8342-41e4-a1d3-cbac93764c13.jpeg (309 KB)

Əvvəl torpaq icarəyə verilir, sonra ölçülər dəyişdirilir, ardınca məhkəmə qərarı alınır və nəhayət dövlət reyestri bu prosesi möhürləyir.

Bakı İnzibati Məhkəməsinin bu cür qərarları çıxararkən həmin ərazidən şəhəri qidalandıran magistral su kəmərlərinin keçdiyini nəzərə almaması, heç bir texniki əsaslandırma aparmadan vətəndaşlara sənəd verilməsinə yol açması açıq-aşkar fəlakətə dəvətdir. Hazırda həmin torpaq sahəsi milyonlarla manat dəyərində bazara çıxarılaraq alıcılara “ideal yaşayış sahəsi” kimi sırınır.

Cəmi 7-8 ay əvvəl Keşlədə yaşanan acınacaqlı durum sübut etdi ki, təbiət və texnika səhvləri bağışlamır. Kollektor qəzasında evləri sökməli oldular. Bəkir Çobanzadə küçəsində isə gec olmadan bu cinayətkar laqeydliyə son qoyulmalıdır. Dövlət infrastrukturunu və insanların həyatını təhlükə altına atan bu “qanuni sənədləşdirmə” oyununa hüquqi qiymət verilməli, aidiyyəti qurumlar təcili tədbir görməlidir. (Musavat.com)

Gununesi.info