“ABŞ İranda rejim dəyişikliyinə hərbi müdaxilə olmadan nail olmaq istəyir” -ŞƏRH

İranda iqtisadi böhrana görə başlayan və sonradan rejim əleyhinə nümayişlərə və zorakılığa çevrilən etiraz aksiyaları davam edir.

ABŞ Prezidenti Donald Tramp etirazçıları hökumət qurumlarını ələ keçirməyə çağırıb.

İranlıları etirazları davam etdirməyə çağıran Tramp deyib: “İranlı vətənpərvərlər, etirazlarınızı davam etdirin, hökumət qurumlarını ələ keçirin. Qatillərin və zorakılıq edənlərin adlarını yadda saxlayın. Onlar bunun bədəlini ağır ödəyəcəklər. Etirazçıların mənasız öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşlərimi ləğv etdim. Kömək yoldadır”.

Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki, Donald Trampın çağırışları da etiraz aksiyalarına dəstəyin artırılmasına və hərbi əməliyyatlara əl atmadan prosesin daxildən inkişafına yönəlib:

“Uzun illərdir tətbiq olunan xarici iqtisadi sanksiyalar da bu prosesləri sürətləndirib. Məlumatlara görə, ABŞ və İsrail yaranmış vəziyyətdən istifadə edərək rejim dəyişikliyinə nail olmağa çalışır.

Qeyd olunur ki, birbaşa hərbi müdaxilə müharibə deməkdir və bu halda əhalinin küçələrdən çəkilməsi rejimin mövqeyini gücləndirə bilər. Bu səbəbdən hələlik hərbi ssenari təxirə salınıb. Tramp etirazçıları hökumət binalarını ələ keçirməyə çağırır və onlara dəstək verilə biləcəyini bildirir.

Əgər etirazçılar bu istiqamətdə addımlar atarsa, rejim güc tətbiq edə bilər ki, bu da genişmiqyaslı qarşıdurmaya gətirib çıxara bilər. Belə bir vəziyyətdə ABŞ-ın alternativ ssenariyə keçərək İranın hərbi və siyasi obyektlərinə zərbələr endirməsi ehtimalı da istisna edilmir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info