“Azərbaycanda erməni ekspertlərin səfəri etimadı gücləndirir” -POLİTOLOQ

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlik fonunda vətəndaş cəmiyyətləri arasında dialoq və əməkdaşlığın genişlənməsi regionda sülh gündəminin formalaşması baxımından mühüm addım hesab olunur.

Son günlərdə 5 nəfər ermənistanlı ekspertin Bakıya səfəri, iki ölkə ictimaiyyətləri arasında etimad mühitinin gücləndirilməsi istiqamətində real irəliləyiş kimi dəyərləndirilir.

Bu cür təmaslar həm sülh prosesinin ictimai dayaqlarının möhkəmlənməsinə, həm də qarşılıqlı anlaşmanın artmasına xidmət edir.

Bu səfərin iki ölkə arasında etimad quruculuğuna hansı praktiki təsirləri ola bilər və bu formatdakı dialoqların davamlı olmasının regionda sülh prosesinə nə kimi töhfələr verəcəyi gözlənilirmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı vurğulayıb ki, etimad olmadığı təqdirdə bu qərarlar öz kəsərliliyini qoruyub saxlaya bilməyəcək və müəyyən mərhələdə münasibətlərdə yenidən çatlar yaranacaq:

“Əgər sülhdən danışırıqsa, müharibədən sonra iki ölkə arasında münasibətlərin bərpa olunması və bunun sülhlə başa çatması kimi aktual bir mövzudan söhbət gedirsə, burada təmin olunması vacib olan nüanslardan biri, bəlkə də birincisi etimad mühitinin formalaşmasıdır. Çünki bir tərəfin digərinə etimadı yoxdursa, burada hansı diplomatik görüşlərin keçirilməsi, hansı qərarların əldə olunması mümkündür? Etimad olmadığı təqdirdə bu qərarlar öz kəsərliliyini qoruyub saxlaya bilməyəcək və müəyyən mərhələdə münasibətlərdə yenidən çatlar yaranacaq.

Etimadın formalaşması isə təkcə hakimiyyətlər arasında əlaqələrin istiləşməsi, yəni dövlətlərarası münasibətlərin yaxşılaşması ilə ölçülmür. Eyni zamanda xalqlar arasında da etimadın qurulması mütləq şərtdir. Hazırda vətəndaş cəmiyyətlərinin Azərbaycandan Ermənistana, Ermənistandan Azərbaycana səfərlər etməsi və bu səpkidə mübadilələrin aparılması hər iki xalqda etimad mühitinin formalaşması baxımından mühüm nəticələr yarada bilər.

Bir vaxtlar sosial medianın erməni seqmentinə baxanda “Azərbaycana getsək, bizi öldürəcəklər”, “Onlar bura gəlsələr, biz onları öldürərik” kimi irqçi və radikal fikirlər geniş yayılmışdı. İndi bu tip görüşlərin təşkili, Ermənistandan Azərbaycana gələnlərin sağ-salamat geri qayıtması və yaxud Azərbaycandan Ermənistana gedənlərin eyni şəkildə geri dönməsi artıq belə bir təəssürat yaradır ki, əslində qərəzli təsəvvürlər həqiqəti əks etdirmir. Gələn də öldürülmür, gedən də. Əslində birgə dinc yaşamaq mümkündür. Cənubi Qafqazda həqiqi sülhə nail olmaq mümkündür. Xalqların gələcəyə və inkişaf perspektivlərinə qapı açması mümkündür. Məhz bu təəssüratı formalaşdırmaq lazımdır.

Bu nöqtədə vətəndaş cəmiyyətləri öz səfərləri və dəvətləri ilə ön plana çıxa bilər və etimad mühitinin yalnız dövlətlərarası münasibətlər səviyyəsində qalmayıb xalqlar arasında güvənin inşasına xidmət etməsinin təməlini qoya bilər”.

Politoloqun sözlərinə görə tərəflər öhdəlik götürür və həmin öhdəliklərə sadiq qalaraq qarşı tərəfə qarşı hər hansı mənfi addım atmayacaqlarını bildirirlər:

“Bu formatdakı dialoqların davamlı olmasının sülh prosesinə verə biləcəyi töhfələrə gəldikdə isə, qeyd olunmalıdır ki, sülh nə zaman pozulur? O zaman ki, bir xalq və ya bir dövlət digərinə qarşı irqçi fikirlər səsləndirir, onun ərazisində işğala başlayır, ərazi iddiaları ilə çıxış edir, suverenliyinə təhdid yaradır. Etimad mühitinin qurulması isə o deməkdir ki, tərəflər öhdəlik götürür və həmin öhdəliklərə sadiq qalaraq qarşı tərəfə qarşı hər hansı mənfi addım atmayacaqlarını bildirirlər.

Eyni şəkildə digər tərəf də bu öhdəlikləri qəbul edir və etimad mühitində tərəflər bir-birinə güvənərək razılaşmalara əməl edirlər. Beləliklə, hər hansı neqativ halların yaşanmasının qarşısı alınır.

Təbii ki, burada xarici müdaxilə kimi müxtəlif faktorlar da mövcuddur. Amma sırf etimad mühitinin bu şəkildə qurulması iki tərəf arasında mövcud olan maneə və stereotiplərdən birinin aradan qalxması deməkdir”.

 

 

Gülxanım Əliyeva

Gununsesi.info