Azad edilmiş ərazilərin bərpası proqramının layihəsi hazırdır - LAYIHƏNİN MƏZMUNU GENİŞ İCTİMAİYYƏTƏ AÇIQLANMIR

  • By admin
  • 21 İyul 2021 11:22

«Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı»nın yekun layihəsi hazırlanıb.

İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun verdiyi məlumatında bildirilir ki, layihə dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

HTML tutorial

Lakin layihənin məzmunu hələ ki, geniş ictimaiyyətə açıqlanmır.

İşğaldan azad edilmiş ərazilərinin dayanıqlı inkişafı necə həyata keçirilməlidir? Sözügedən dövlət proqramında nəyin yer alması vacibdir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Turana bildirib ki, hazırda planlı şəkildə Qarabağ iqtisadi zonanın yekun formalaşdırılması gedir. «Biz artıq Qarabağ regionun bütün ərzilərini ölkənin iqtisadi sisteminə daxil edilməsini elan etmişik və həmin əraziləri Azərbaycanın digər bölgələrindən daha böyük diqqət və həssaslıqla və daha sürətli inkişaf etdirəcəyik. Biz həmin zonanı inkişaf etdirəcəyik, ora investisiyalar olacaq, orada sahibkarlıq üçün münbit şərait qurulacaq və ora qayıdacaq insanların yaşaması və fəaliyyəti üçün komfortlu şərait yaradılacaq».

Onun sözlərinə görə, Qarabağ regionunda sahibkatlıq mühiti postsovet məkanında istənilən ölkəsindən daha yaxşı olacaq. «Biz bu planı həyata keçirməliyik. Bundan öncə isə biz bütün struktur layihələri həyata keçirəcəyik. Mühit ona görə yaxşı olmalıdır ki, daha cəlbedici olsun və həm Azərbaycan, həm xarici sahibkarları gəlib regionun inkişafında iştirak etsin».

Komitə üzvü vurğulayıb ki, Azərbaycanın Qarabağ regionunun dayanıqlı inkişafı üçün kifayət qədər öz resursları var. «Cənab Prezident bir neçə dəfə demişdir ki, bizə bunu yalnız öz daxili resurslarımız hesabına edəcəyik və bizə heç kəsin pulu lazım deyil. Biz öz iqtisadi dayanıqlığına və maliyyə imkanlarımıza söykənirik».

R.Quliyevin fikrincə Azərbaycan 20 il ərzində iqtisadiyyatını genişləndirib. «Bu işdə lokomotiv rolunu neft-qaz sənayesi oynamışdı. Biz bununla fəxr edirik, biz pulumuzdan düzgün istifadə etmişik və iqtisadiyyatımızı 4 dəfədən çox inkişaf etdirmişik. Biz nə edəcəyimizi çox gözəl bilirik. Ölkə inkişafının bərpası zamanı hər hansı xırda yanlışlıqlar, xətalar olmuşdusa Qarabağın inkişafında heç bir səhvlər buraxılmayacaq. Hər şey proqramlı və rəqəmsal rejimində həyata keçiriləcək».

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, sözügedən proqramın ictimai müzakirəsi olmalı idi. «Mütəxəssislər, müstəqil şəxslər bu proqramın hazırlanmasına cəlb edilməli idi. Ən azından isə yekun sənəd ictimai müzakirəyə açılmalı idi».

Onun fikrincə, ictimai müzakirələrin işğaldan azad olunmuş ərazilərin bərpasında çox böyük əhəmiyyəti var. «Bir birini tamamlayıcı layihələr, iqtisadi fürsətlər, idarəetmənin yenilənməsi olmalıdır. Yəni siyasi və iqtisadi addımlar paralel aparılmalıdır. İstənilən yaxşı iqtisadi qərar normal idarəetmə ilə tamamlanmasa bu, heç bir effekt verməyəcək. Necə ki, ölkənin digər rayonlarında 30 il ərzində effekt vermədi».

Ekspert yekun sənəddə hər hansı köklü dəyişiklərin olmasına inanmadığını bildirib. «Əgər icra hakimiyyəti institutu qalacaqsa, bələdiyyələrin heç bir funksiyası olmayacaqsa, insanların orada yaşaması üçün yalnız iqtisadi fürsətlərin yaradılması ilə bağlı müəyyən vergi və gömrük güzəştləri tədbiq ediləcəksə bu, digər rayonlardakı kimi effekt verməyəcək».