Azad olunmuş ərazilərdə 3 hava limanına ehtiyac var? – Deputat ŞƏRH ETDİ

  • By admin
  • 06 May 2021 11:17

“İşğaldan azad olunan ərazilərimizdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli hava limanı bu ilin payızında istifadəyə veriləcək. Cənab Prezident İlham Əliyevin iştirakı ilə ötən həftə Zəngilan hava limanının təməlqoyma mərasimi keçirilib. Artıq Laçında hava limanın inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir”.

Gununsesi.info xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Modern.az-a danışıb. O bildirib ki, ən çox müraciət edilən suallardan biri də həmin bölgəmizdə nə üçün 3 hava limanına ehtiyacın olması barədədir:

“İqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad olunan ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Füzuli hava limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı “Zəfər yolu”na inteqrasiya olunduğundan turist səfərlərini asanlaşdıracaq.

Zəngilan hava limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımından Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli hava limanının iqtisadi göstəriciləri demək olar eynidir. Hava limanları uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək”.

Deputatən sözlərinə görə, bu limanların tikintisi  Laçın Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından vacibdir:

“Laçının strateji əhəmiyyətini nəzərə aldıqda, həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanları bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır”.