“İran İslam Respublikasının Kəşfiyyat Narzirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi gözlənilən idi”.
Bunu Gununsesi.info -ya açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, İran rejimini narahat edən Azərbaycan KİV-lərinin İsrail-İran müharibəsində tutduğu mövqe deyil:

“Bildiyim qədər AzTV müharibədə tərəf tutmadı. AzTV-nin efirində müharibə ilə bağlı tərəfsiz xəbərlər yayımlanırdı. Dünya KİV-lərinin hadisə yerindən yaydığı xəbərlərə istinadən şərhlər verilirdi. Dövlət televiziyası birmənalı şəkildə ABŞ-ni və ya İsraili dəstəkləyən möqve sərgiləmədi. Yox, əgər hansısa bir siyasi şərhçinin, analitikin dilindən İran əleyhinə bir fikir çıxıbsa, bu telekanalın məsuliyyəti sayıla bilməz. Mənim fikrimcə, müharibə məsələsi bu işin görünən tərəfidir. İran rejimini narazı salan Azərbaycan telekanallarının Güney Azərbaycanda, bütövlükdə İranda milli şüurun oyanmasına, ana dili hərəkatına verdiyi töhfələrdir. Mən Tehranda olanda qonaq olduğum bir evdə Az.TV-dən yayımlanan muğam müsabiqəsini maraqla izləyirdirlər. Sovet dövründə çəkilmiş filmlərə, televiziya tamaşalarına, aşıqların ifalarına acgözlüklə baxırdılar. Arazın o tayında Azərbaycan xanəndələrinin, aşıqlarının adlarını əzbər bilirlər, hamısını tanıyırlar. Telekanallar üzərindən Azərbaycanın mədəni təsiri bütün Güney Azərbaycan vilayətlərində, hətta Xorasanda, İsfahanda yaşayan türklərə qədər gedib çatıb. sosial şəbəkələrdə izləmişəm, artıq Həmədan, Xorasan türkləri, Qaşqay türkləri “Vətənim Azərbaycan” deyir. İranda nəinki türklük şüuru güclənib, hətta azərbaycançılıq ön plana çıxıb. Bu işdə telekanallarımızın, özəlliklə AzTV-nin böyük rolu var. Özəlliklə Rövşən Məmmədov televiziyaya rəhbər gələndən sonra AzTV-nin siması dəyişib, peşəkarlıq artıb. Fikrimcə, bu gənc insan milli düşüncəli ziyalıdır, Turan və Bütöv Azərbaycan ideyasına bağlıdır”.
E.Cəfərli deyib ki, buna cavab olaraq İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinin qanunsuz hesab edilməsi düzgün addımdır:
“İran KİV-ləri Azərbaycanda peçəkar jurnalistika ilə, xəbər yayımı məşğul deyildi. Onlar SEPAH-ın ideoloji qanadı, rəsmi orqanı kimi Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərirdilər. Çox vaxt ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparır, cəmiyyəti dövlətə qarşı qızışdırırdılar. İran KİV-lər harada sosial narazı qrup, şəxs vardısa onları tapıb danışdırır, sonra çəkilmiş videoları sosial şəbəkələrdə yayır, Azərbaycan dövlətini “din düşməni”, “xalqın problemlərinə laqeyd rejim” kimi təqdim edirdilər. Dəfələrlə çağırışlar etmişdik ki, İran KİV-lərinin bu təxribatçı fəaliyyəti dayandırılsın. Şükür ki, gec də olsa bu addım atıldı”.
Cəfərli deyib ki, İranın Az.TV-ni “qara siyahı”ya salması heç nəyi dəyişməyəcək:
“Artıq cin şüşədən çıxıb. Arazın şimalından modern, sekulyar, demokratik bir respublikanın varlığı İranı gec-tez silkələyəcəkdi. 35 il apardığımız mübarizə, gördüyümüz ideoloji işlər bəhrəsini verir. İranda türklük şüuru güclənib. Təbriz mərkəzli türk düşüncə sistemi artıq qalib gəlib. Tədricən irançılıq arxa plana, azərbaycançılıq ön plana keçəcək. Bu gün Az.TV-nin, medianın uzun illər gördüyü işi sosial şəbəkələr görür. Quzey Azərbaycanda xomeyniçiliyin yayılmasına milyonlar xərcləyən İran uduzdu. Amma bir qəpik xərcləmədən İranda böyük bir mənəvi ordu yarada bilmişik. Bu, Azərbaycan Respublikasını təmənnasız sevən 40 milyonluq türk toplumudur. Onlar milli kültürümüzə, muğamımıza, milli musiqimizə, ana dilində ədəbiyyata təşnədirlər. Bizdə isə İranın yaydığı dini fanatizmin dalınca gedənlər çox azdır. Bax, bu, bizim qələbəmizdir”.
Şəbnəm Rəhimova












