Xəbər verdiyimiz kimi, Ermənistan paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə Görüşü təşkil olunub.
Sözügedən tədbirdə diqqət çəkən məqamlardan biri də Avropanın nüfuzlu liderlərinin, ittifaqa üzv olan ölkələrin rəhbərlərinin iştirakı etməsi olub.
Qeyd edək ki, sammitin növbəti il üçün Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Ancaq bəzi müşahidəçilər hesab edir ki, bu sammitin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkə daxilində bəzi məsələlər həllini tapmalıdır.
Bunlardan biri də, təbii ki, insan hüquqlarıdır.

Gununsesi.info-ya danışan professor Qulu Məhərrəmli hesab edir ki, bu sammitin İrəvandan sonra Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imici baxımından çox önəmlidir:
“Ancaq bunun keçirilməsi üçün, hesab edirəm, qarşıdakı il ərzində Avropa institutları ilə əməkdaşlıq, ölkə daxilində isə siyasi islahatlar genişləndirilməlidir. Xüsusən Azərbaycana qarşı daha çox ittiham kimi irəli sürülən insan hüquqları, siyasi məhbuslar, jurnalistlərin həbsdən azad edilməsinə dair çoxsaylı çağırışlar var. Hesab edirəm ki, bu məsələlərlə bağlı Azərbaycan müəyyən addım atmalıdır. Digər tərəfdən, hesab edirəm ki, qarşıdakı il ərzində Ermənistanla böyük sülh müqaviləsinin imzalanması mümkün olacaq. Azərbaycan bir çox sahələrdə ölkənin siyasi imicinin daha da yaxşılaşdırılması baxımından addımlar atacaq və nüfuzlu sammitin Azərbaycanda keçirilməsinə ciddi əsas yaradacaq. Önəmli olan bu addımları atmaqdır və ölkəni Avropanın bir parçasına, Qərb dəyərlərinə bağlı olan bir məmləkətə çevirməkdir əsas məqsəd”, – deyə o, həmçinin qeyd edib.

Vəkil Bəhruz Bayramov isə bildirir ki, qarşıdakı dövrə qədər Azərbaycan siyasi məhbus problemini aradan qaldırmalı, həmçinin AŞ PA ilə münasibətlərin bərpasına çalışmalıdır: “Azərbaycanın AŞ PA ilə gərginliyi ölkəmizin nüfuzu üçün ciddi məsələdir. Sevindirici haldır ki, Avropa Şurasının bir sıra qurumları ilə əməkdaşlıq davam etdirilir. Bu hal onu göstərir ki, Azərbaycan hökuməti Avropa Şurası ilə əlaqələrin tam kəsilməsində maraqlı deyil. Ona görə də bu vəziyyəti dəyişmək üçün həbsdə olan siyasi fəalların, jurnalistlərin məsləsinə yenidən baxılmalıdır. Bunu mərhələli şəkildə də etmək mümkündür. Əgər bu baş verərsə, Bakı Avropa Siyasi Birliyinin 9-ci Zirvə Görüşünə ev sahibliyini yüksək səviyyədə həyata keçirər. Avropa liderlərinin Azərbaycana gəlişi üçün hər hansı maneə qalmaz”.
Elmar












