“Bakıda maqnitafonlar üçün mahnı kassetləri yazıb satırdım…” – Araz Ağalarov sovet vaxtı ilk biznesindən danışıb

  • By admin
  • 25 Yanvar 2022 09:15

“Crocus Group”un prezidenti Araz Ağalarov TASS-ın “Biznesin birinci simaları” layihəsində maraqlı müsahibə  verib.

Gununsesi.info bildirir ki, azərbaycanlı milyarder ilk biznes işinə necə başladığını açıqlayıb. A.Ağalarov deyib ki, o ilk gənclik illərində Bakıda maqnitafon kasetləri üçün  səsyazma ilə məşğul olub: “Sovet vaxtı Bakıda səsyazma studiyaları yayılmışdı. Onların xidməti də kifayət qədər baha idi. Müştəri 60 dəqiqəlik kasset üçün 10 rubl, saat yarımlıq kaset üçünsə 15 rubl ödəyirdi. Bu rəsmi qiymət idi.

Sifarişlər çox olurdu. Dövlət studiyaları bunu öhdəsindən gələ bilmirdi. Mən tanış adamlar vasitəsi ilə kasetlərin evdə yazmaq, daha sonra onları satışa vermək üçün razılıq aldım. Şərtləri çox sərt idi: Hər kasetə görə mənə 2 rubl ödəyirdilər, qalanlarını özlərinə götürürdülər. İnanmazsınız, mən ayda 1000 rubl qazanırdım. Bu, o dövr üçün həddindən artıq böyük pul idi. Diplomlu mühəndislər bundan bir neçə dəfə az qazanırdılar”.

FOTO: Araz Ağalarov avtomobili ilə. 1980-ci il.

Biznesmen deyib ki, işləri tez zamanda kommersiya relsinə sala bilib: “Vinil plastinkalardan yazılmış “ana kaset”i alır, onu pararlel olaraq 10 maqnitafondakı kasetlərə yazırdım. “Ana kaset” üçün məndən 150, 200, 250 rubl alırdılar. Baha idi! Amma qazanc xərcləri ödəyə bilirdi”.

A.Ağalarovun sözlərinə görə, heç vaxt pis keyfiyyətli kaset ortaya qoymayıb. “Hər şey yüksək səviyyədə olurdu. Məndə yaxşı texnika var idi. Texnikanı tədricən artırırdım. Əlimdəki bir maqnitafon, sonra iki daha sonra üçünü alırdım”.

A.Ağalarov deyib ki, Politexnik İnstitutunda oxuya-oxuya kaset yazma işi ilə də məşğul olub. “1976-cı ildə rabitə mühəndisi diplomu ilə institutu bitirdim və məni Bakıdda şəhərlərarası telefon stansiyasına işə göndərdilər”.

A.Ağalarov vurğulayıb ki, 70-ci illərdə telefonçular müəyyən hakimiyyətə və resurslara malik idilər: “Stansiyaların imkanları məhdud idi. Adamlar saatlarla danışmaq üçün xəttin birləşdirilməsini gözləyirdilər. Mən problemi saniyə içində həll edirdim. Mənə xahişlərlə müraciət edirdilər, imtina etmirdim”.

A.Ağalarovun sözlərinə görə, DTK rəsmi olaraq telefonlara qulaq asmırdı: “Amma onlar çox asanlıqla istənilən xəttə qoşula bilirdilər. Bundan başqa xətt mühəndisləri əgər respublikanın birinci rəsmi şəxsləri danışırdılarsa hökmən qulaq asırdılar. Məsələn, Heydər Əliyev MQİMO-da oxuyan oğlu İlhama zəng vururdu, biz fasiləsiz rabitəni təmin etməli idik. Bunun üçün əsas xətt və iki ehtiyat xətt ayrılırdı. Bizdən eşitdiyimiz danışıqların açıqlanmayacağına dair rəsmi şəkildə iltizam alırdılar. Müsahiblər onsuz da ciddi nəsə danışmıdılar, biliridilər ki, açıq xəttə qulaq asırlar. Məişət söhbətləri edirdilər”.

Biznesmen deyib ki, daha sonra təhsilini artırmaq üçün Moskvaya aspiranturya oxumağa gəlib. Moskvada “Jiquli” maşını alıb: “Pis yaşamırdım. Həmin dövrdə mən artıq audio kaset yazılışından videoya keçmişdim. Bu artıq “qızıl dövran” idi. Boş videokasetin qiyməti 120 rubl idi, yazılı olanın 300 rubl. Təmiz qazanc 180 rubl olurdu. Bunu təsəvvür edirsiniz?”

Onun “Belə qazancın qarşısında aspiranturada oxumaq nəyə lazım idi?” sualına cavabı maraqlı olub: “Unutmayın, mən sovet zamanından danışıram. O zaman karyera qurmaq mühüm idi. Status böyük əhəmiyyət daşıyırdı. Ən fəxri yerlərdə mədəniyyət nümayəndələri, partiya və təsərrüfat rəhbərləri, zavod direktorları dururdu. Pul öz-özlüyündə hörmətə təminat vermirdi”.

A.Ağalarov deyib ki, mental cəhətdən özünü sovet adamı sayır. O, Azərbaycan vətəndaşı olmadığını, yalnız Rusiya pasportu daşıdığını açıqlayıb: “Oğlum Emin də yalnız Rusiya vətəndaşıdır”.

A.Ağalarov Putinlə, ABŞ prezidenti Trampla olan əlaqələrindən, Rusiyada gördüyü iri biznes layihələrinin icrasından və pandemiya zamanı düşdüyü vəziyyətdən danışıb.

Gununsesi.info