Böyük Yeddilikdən 4 ölkə Rusiyadan qızıl idxalına qadağa qoyur

  • By admin
  • 26 İyun 2022 15:03

Böyük yeddiliyin dörd ölkəsi (G7 kimi də tanınır) – Britaniya, ABŞ, Kanada və Yaponiya – Ukraynaya təcavüzünə görə, Rusiyadan qızıl idxalına qadağa qoyacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə bazar günü Almaniyada keçirilən G7 sammitinin açılışı günü Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Daha əvvəl Reuters agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, bütün G7 ölkələri Rusiyadan qızıl idxalını qadağan etmək barədə razılığa gəliblər ki, bura yuxarıda qeyd olunanlardan əlavə, Fransa, Almaniya və İtaliya da daxildir. Amma onların qadağaya qoşulması barədə hələ məlumat verilməyib.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqınin (Aİ) Rusiyadan qızıl idxalına qadağa qoyulması məsələsini araşdıracağını bildirərək, bu tədbirin Aİ iqtisadiyyatına zərər vurub-vurmayacağını qiymətləndirmək lazım olduğunu vurğulayıb.

Eyni zamanda, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bazar günü bildirib ki, sammitdən sonra G7 ölkələrinin Rusiya qızılına embarqoya dair ümumi qərarı gözlənilir.

Conson isə deyib ki, qadağa son vaxtlar aktivlərini qızıla çevirən rus oliqarxlarına və “Putinin hərb maşınına” zərbə vuracaq.

Qeyd olunur ki, ötən il qızıl ixracı Rusiya iqtisadiyyatına 15 milyard dollardan çox gəlir gətirib. Qadağa artıq Rusiyadan dünya bazarına çıxarılan qızıla təsir etməyəcək.

Bayden deyir Putin Qərb müttəfiqlərini parçalamağa nail olmadı

G7 sammiti bazar günü Bavariya Alplarında Elmau qəsrində keçirilir. Burada ABŞ prezidenti Co Bayden və Almaniya, Kanada, Fransa, Böyük Britaniya, İtaliya və Yaponiya liderləri, həmçinin Aİ rəhbərliyi iştirak edir.

ABŞ prezidenti görüşdən əvvəl xüsusilə Rusiya prezidenti Vladimir Putinin Qərb müttəfiqlərini parçalamaq istədiyini, lakin buna nail olmadığını bildirib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır. Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır.

Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Gununsesi.info