Brüssel səfəri qalib liderin növbəti uğuru kimi yadda qaldı

  • By admin
  • 01 Sentyabr 2022 12:27

Azərbaycanın hərb meydanında qazandığı uğur, iqtisadi yüksəliş dövlətimizin diplomatik gücünü artırıb. Zəfər savaşında ərazi bütövlüyünü təmin edən ölkəmiz regionun lider dövləti kimi həm beynəlxalq təşkilatlar, həm də böyük güclərlə münasibətlərini yüksək səviyyədə qurub. Qoşulmama Hərəkatının aparıcı üzvü kimi Azərbaycan, eyni zamanda, Qərb və Şərq qütbündə formalaşmış ittifaqlarla, beynəlxalq birliklərlə bərabərtərəfli əlaqələrini xarici siyasət kursunda hər zaman prioritet məsələ kimi saxlayıb. Eyni zamanda, Azərbaycan-Avropa əlaqələri, xüsusən Avropa İttifaqı (Aİ) ilə münasibətlər arzulanan səviyyədədir. Sirr deyil ki, bu gün Azərbaycan həm enerji sektorunda, həm də regional geopolitik məsələlərdə Aİ-nin ən etibarlı tərəfdaşıdır.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.

Deputat Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında reallaşan görüşdə milli maraqlar baxımından ölkəmizin xeyrinə ciddi nəticələr əldə olunduğunu qeyd edib.

Rəşad Mahmudov bildirib ki, Xarici İşlər Nazirliyi səviyyəsində sülh sazişinin mətni üzərində qruplar yaratmaq barədı razılığın əldə olunması da, şübhəsiz ki, ciddi hadisədir. Sülh sazişinin rəsmi Bakının irəli sürdüyü və Ermənistanın qəbul  etmək məcburiyyətində qaldığı prinsiplər əsasında qurulması diplomatik uğurdur. Bundan başqa, Minsk Qrupunun mövcud olmaması, tarixin arxivinə göndərilməsi və iki ölkə münasibətlərinin normallaşmasının Aİ-nin vasitəçilik formatında müzakirəsi, habelə diqtə edən tərəfin Azərbaycan olması qürurvericidir. Artıq danışıqlarda  Qarabağ mövzusu  müzakirə predmeti deyil, Azərbaycanın daxili işi kimi qəbul olunur. Bölgədə sülhə nail olmaq istiqamətində Şarl Mişelin vasitəçiliyi, rolu şübhəsiz ki, alqışa layiqdir.
Səfər zamanı Aİ Şurasının Prezidenti Şarl Mişellə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək hörmətlə qəbul olunması və qarşılanması isə o demək idi ki, Avropa Azərbaycanla həm iqtisadi, həm də siyasi əlaqələrin genişlənməsində maraqlıdır.

Sonda Rəşad Mahmudov vurğulayıb ki,  Azərbaycan Prezidentinin Brüssel səfərini təhlil edərkən ölkəmizin dünyanın supergücləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qəbul olunduğu, dövlət maraqlarımızla hesablaşıldığı qənaətinə gəlmək olar. Bu isə şübhəsiz ki, Prezident İlham Əliyevin dəqiq hesablanmış xarici siyasətinin məntiqi nəticəsidir.

“Bu gün dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanı regionun lider dövləti kimi qəbul etməklə yanaşı, həm də bölgədə planlaşdırılan bütün layihələri rəsmi Bakı ilə razılaşdırırlar. Aİ-nin istər Azərbaycan-Ermənistan münasibətində, istərsə də iqtisadi-siyasi layihələrində Azərbaycanın maraqlarını əsas götürməsi də bunun təsdiqidir. Bir sözlə, Prezident İlham Əliyevin Brüssel səfəri diplomatiya tariximizdə qalib liderin növbəti uğuru kimi yadda qaldı”.

Gununsesi.info