Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırıb.
Gununsesi.info xəbər verir ki, qurum bəzi hallarda abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd etdiyini bildirib.
Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu, tələbə qəbulu qaydalarında da öz əksini tapıb.
Abituriyentin yol verməsi qadağan olunan hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir.
Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. Yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən edilərək imtahana buraxılmayıb. Burada hər iki tərəf məsuliyyət daşıyır. İlk növbədə, imtahanda iştirak etməli olan şəxsin bütün imtahan nəticələri ləğv olunur və müsabiqədən kənarlaşdırılır. Eyni zamanda, başqasının yerinə imtahana girmək istəyənin də hüquqi məsuliyyəti var. Təəssüf ki, bu şəxslər bəzən ali təhsil müəssisələrinin aşağı kurs tələbələri olurlar və nəticədə onlar ali məktəbdən xaric oluna bilərlər.
Daha əvvəl də bu kimi hallara qarşı Dövlət İmtahan Mərkəzi əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirib. Ötən illərdə belə qayda pozuntuları ilə bağlı hüquq mühafizə orqanları müvafiq addımlar atıb və aidiyyəti məhkəmələr də lazımi qərarlar verilib.












