Deputatlar yaz sessiyasında bu təkliflərlə çıxış edəcəklər

  • By admin
  • 18 Yanvar 2022 13:44

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Milli Məclisin yaz sessiyası çərçivəsində keçiriləcək komitə iclasları başlayıb. Parlamentin Daxili Nizamnaməsinə əsasən, fevralın 1-nə qədər parlamentin komitə iclaslarının keçirilməsi, daha sonra isə plenar iclasların başlaması nəzərdə tutulur. Yaz sessiyasının ilk iclası isə elə fevral ayının 1-nə planlaşdırılıb.

Yeni sessiyada qaldırılacaq məsələlər, müzakirə ediləcək qanun layihələri haqqında Modern.az-a danışan deputatlar yaz sessiyasının məhsuldar olacağını düşünürlər.

Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa bu sessiyada kino sahəsi ilə bağlı yeni qanunun hazırlanmasının başa çatmalı olduğunu söyləyib:

“Bu olduqca vacibdir. Həmçinin, mədəniyyət abidələrinin qorunması ilə bağlı problemlər də böyükdür. Abidələrin pasportlaşdırılmasından tutmuş, onlarla bağlı tədbirlərin görülməsi, mədəniyyət abidəsinin tanınmasına qədər bir çox məsələ haqqında qanunvericilikdə dəyişiklik edilməlidir. Əsasən bu istiqamətdə yeni baxış ortaya qoyula bilər.

Müxtəlif sahələrə aid olan digər qanunlarda da dəyişikliklər olmalıdır. Xüsusilə, məhkəmə-vətəndaş münasibətləri, digər dövlət qurumlarının fəaliyyəti, bələdiyyələr və icra hakimiyyətlərinin səlahiyyətləri ilə bağlı dəyişikliklər aparılmalı, bələdiyyələrin sərbəst fəaliyyətinə şərait yaradılmalıdır”.

Deputat Könül Nurullayeva isə Milli Məclisin yeni sessiyasında seçiciləri narahat edən sosial problemlərin həlli, eyni zamanda, müvafiq qanun layihələri və aktual məsələlərlə bağlı təkliflər irəli sürəcəyini bildirib:

“İlk növbədə deyə bilərəm ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü kimi məişət zorakılığı hallarının artmasının qarşısını almaqla bağlı təkliflərim var. Ötən sessiyalarda da mənim bu məsələ ilə bağlı çıxışlarım olub. Hesab edirəm ki, zorakılığın qarşısının alınmasına geniş müstəvidə diqqət ayrılmalıdır, bu, kifayət qədər həssas məsələdir. Bu problemlərlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində də davamlı islahatlar və təşəbbüslər vacibdir. Xüsusilə mühafizə orderinin vaxtında və operativ tətbiq edilməsini, şiddətə məruz qalan hər bir qadına nəzarətin gücləndirilməsini, belə qadınların cəmiyyətə yenidən qazandırılmasını təmin etmək, həyatlarını normallaşdırmağı vacib hesab edirəm. Həqiqətən də bu sahədə qanunvericilik bir qədər də təkmilləşdirilməli, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, sosial müdafiə və digər qurumlarla birlikdə məişət zorakılığına məruz qalan şəxslərə ciddi və effektiv dəstək göstərilməsi məqsədilə qərargah yaradılmalı, həmin şəxsləri zaman itirmədən cəmiyyətə qazandırmaq üçün hər iki tərəflə real işlər görməlidir”.

Eyni zamanda Gənclər və idman komitəsinin də üzvü olan deputat könüllülük fəaliyyətinə dair bəzi təkliflərinin aktual olduğunu vurğulayıb:

“Belə ki, kommersiya qurumları gəncləri heç bir hüquqi əsas olmadan könüllü fəaliyyət adı altında öz işlərinə cəlb edirlər. Belə halların baş verməsi könüllü əməyinin bir növ də istismar olunmasına səbəb olur. Könüllülərdə ruh yüksəkliyi yaratmaq, könüllü fəaliyyətə təşviq etmək üçün onların əməyinin qiymətləndirilməsi mütləqdir. Hesab edirəm ki, imperativ norma kimi əmək qanunvericiliyində könüllülərin maliyyələşdirilməsinin əsasları yaradılmalı, onlara əmək kitabçasının açılması məsələsi həll edilməli, könüllülərin sığorta olunması məsələləri tətbiq olunmalıdır.

Təbii ki, təhsil, gənclər, səhiyyə sektoru ilə bağlı təkliflər də olduqca vacibdir. Bir sözlə, yeni sessiya müddətində də cari və gündəlikdə duran məsələlərin müzakirəsində fəal iştirak etməyə çalışacağam”.

İqtisadçı-deputat Aydın Hüseynov xatırladıb ki, Azərbaycanın 2022-2030-cu illəri əhatə edən milli prioritetləri mövcuddur:

“Bu dövrün daha yüksək nəticələrlə müşayiət olunması, iqtisadi, siyasi və digər sahələrdə uğurlarımızın müsbət nəticə verməsi üçün ölkə başçısı tərəfindən də önəmli addımlar, islahatlar həyata keçirilir. Qanunvericilik bazasına da mütəmadi dəyişikliklər edilir, müasir dövrün tələblərinə uyğun yeni qanunlar qəbul olunur.

Hesab edirəm ki, satınalmalar və banklarla bağlı qanunlarda dəyişikliklərə ehtiyac var. Maliyyə, bank sistemini əhatə edən məsələlərdə müasir tələblər yeni yanaşma ortaya çıxarır. Eyni zamanda Azərbaycanın dövlət büdcəsi ilə bağlı da yenidən müzakirələrə ehtiyac yaranacağını düşünürəm. Bilirsiniz ki, müstəqillik dövrünün ən yüksək büdcəsi kimi bu ilin büdcəsini qəbul etmişik. Büdcənin gəlirləri və xərcləri artdıqca büdcə sistemi haqqında qanunda dəyişiklik edilməsi zərurəti yaranır”.

A. Hüseynov dünyanın hər yerində, o cümlədən Azərbaycanda mövcud olan ekoloji problemlər haqqında da təkliflər səsləndirməyi düşünür:

“Təbiət resurslarından qənaətlə istifadə edilməsi, yaşıllığın qorunması ilə bağlı qanunlarda dəyişikliklərə ehtiyac var. Xüsusilə, meşələrin istifadəsi və qorunması ilə bağlı qanunların sərtləşdirilməsini vacib sayıram.

Ümumilikdə isə, hesab edirəm ki, yeni qanunların qəbul edilməsi, qanunlara dəyişiklərin qəbulu hər sessiyada olduğu kimi bu dəfə də aktual qalacaq”.

Gununsesi.info