Dünya müsəlmanları Fransaya etiraz edir

  • By admin
  • 30 Oktyabr 2020 22:26

 

Fransa prezidenti Emmanuel Makronun bu yaxınlarda söz azadlığı olduğunu deyərək, Məhəmməd Peyğəmbərin təsvir edildiyi karikaturalarını müdafiə etməsi bir sıra müsəlman ölkələrində olduğu kimi Pakistanda da minlərlə müsəlmanın etirazına səbəb olub.

Məhəmməd Peyğəmbərin anadan olduğu Mövlud bayramını qeyd edən təxminən 2000 müsəlman ölkənin şərqii Lahor şəhərinin küçələrinə çıxıb. İslamçi partiyaların rəhbərlik etdiyi nümayişdə etirazçılar Fransa əleyhinə şüarlar səsləndirib, plakatlar qaldırıb və sufi ziyarətgahına gedən yolları bağlayıb. Hiddətli etirazçılar Fransa bayraqlarını tapdalayıb və fransız məhsullarını boykota çağırıb.

Pakistanın şərqdə yerləşən Pəncab Multan şəhərində etirazşılar Fransa prezidenti Emmanuel Makronun şəklini yandırıb və Pakistandan Fransa ilə əlaqələrini kəsməsini tələb edib.

Cümə axşamı Fransa səfirliyi qarşısında mümkün nümayişlərin qarşısını almaq üçün polis qüvvələrinin yerləşdirildiyi paytaxtı İslamabad da da daxil olmaqla, Pakistanın başqa şəhərlərində də nümayişlər planlaşdırılıb. Polis yolları bağladığı üçün şəhərdə vəziyyət gərgin olub.

Livan və Qəzza zolağı da daxil olmaqla, islamçıların regionda genişmiqyaslı nümayişlər təşkil edəcəyi gözlənilir.

Əfqanıstanın İslamçı Hizb-i İslami partiyasının üzvləri Fransa bayrağını yandırıb. “Vəziyyətə nəzarət etməzsə, üçüncü dünya müharibəsinə gedəcəyik və bunun məsuliyyətini Avropa daşıyacaq” – deyə, partiyanın lideri Gülbuddin Hekmətyar Makrona xəbərdarlıq edib.

Etirazlar bu ayın əvvəlində bir gənc müsəlmanın Məhəmməd Peyğəmbərin karikaturalarını sinifdə nümayiş etdirən bir fransız müəllimin başını kəsməsindən sonra Fransa ilə əksəriyyəti müsəlman olan ölkələr arasında gərginliyin artdığı zaman baş verir.

Samuel Pati adlı müəllim Fransanın güclü dünyəvi ideallarının və dinin ictimai sahələrə müdaxiləsinin rədd edilməsinin simvolu elan edilib. Makron və onun hökuməti söz azadlığı ilə müdafiə olunan karikaturaları dəstəkləməyə davam edəcəklərinə söz verib.

Beş il əvvəl Fransa əsilli Əl-Qaidə ekstremistləri Məhəmməd Peyğəmbərin karikaturalarının yayımlanmasına cavab olaraq Fransanın həftəlik Charlie Hebdo satirik jurnalının 12 işçisini öldürüb. Həmin karikaturalar əksəriyyəti müsəlmanlar olan ölkələrdə kütləvi etirazlara gətirib çıxarıb və bəzi hallarda ölümə səbəb olmuşdu.