Azərbaycan Cümhuriyyətinin yaranması təkcə siyasi hadisə deyil, həm də böyük bir düşüncə inqilabı idi.
Əsrlərlə formalaşmış dini, tarixi və siyasi stereotiplərin hökm sürdüyü bir mühitdə müasir dövlət ideyasını ortaya qoymaq, milli kimliyi yeni məzmunda müəyyənləşdirmək və gələcəyə yönəlmiş inkişaf modelini seçmək fövqəladə intellektual cəsarət tələb edirdi.
Bu prosesin memarları keçmişi bütləşdirmədən, onu dəyərləndirərək çağdaş dünyanın tələblərinə cavab verən bir dövlət qurmağa çalışdılar. Bu gün də cəmiyyətimizin qarşısında duran əsas suallardan biri həmin maarifçi və rasional düşüncə xəttini davam etdirmək, yoxsa keçmişin mif və xurafatına qayıtmaq seçimidir.
Təqdim olunan mətn də məhz bu tarixi seçim, milli düşüncənin istiqaməti və aydınlanmanın zərurəti ətrafında müəllifin mülahizələrini əks etdirir.
Gununsesi.info sözügedən mətni təqdim edir:
“İndi anlaşılır ki, Azərbaycan Cumhuriyyətini hansı böyük düşüncə adamları, hansı ağrılarla-acılarla qurmuş. Bir tərəfdə kütləvi din cəhaləti, digər yanda oxumuşların tarix xurafatı, kütləvi savadsızlıq, rus, fars, osmanlı zehniyyətinin daşıyıcısı olan oxumuşlar, az sayda Avropanın elmi mədəniyyətini bağıran aydınlar, ortada qramatikası yazılmış dil yox, sağlam bədii mətnlər çox az sayda, nümunə üçün bir elmi dərgi yox, bir ensiklopediya nümunəsi yox, üstəlik də ordu təcrübəsi keçmiş az sayda zabit heyəti… 3-4 il içində ideoloji müzakirələrdən və mübahisələrdən keçərək “Azərbaycan” siyasi adının kəşf edən böyük kişilər, siz bu üstün zəkanı qısa bir müddətdə necə bir araya gətirmisiniz? Heyrətamiz deyilmi? Arxada hansısa ciddi dövlət təcrübəsi olmadan, iki kişinin -Mirzə Fətəlinin və Həsən bəy Zərdabinin 10-15 faizlik əqli potensialının məhsulları üzərində bu dövlət ideyası ərsəyə gəlmiş… Müqayisə üçün yaxın qonşuluqda, bizdən də çox soydaşımızın yaşadığı məkanda, bizdən də çox kütlənin ayağa qalxdığı bir mühitdə konkret “Azərbaycan” adı deyil, mücərrəd “Azadistan” adının kəşfinə baxmaq yetərli olardı. Yaşayacaq, varlığını yeniləşdirə biləcək adı tapmaq gerçəkdən üstün bir zəka hadisəsi idi. Məhəmməd Əmin bəyin millətimiz qarşısında ən böyük xidməti bizi qaranlıq keçmişdən qopara bilməsi oldu. Bəlkə də O, eyni nəhəng vizyonu Türkiyədə etmiş Atatürk qədər cümhuriyyəti yaşada bilsəydi, biz daha aydın bir millətə dönüşərdik. İndi qardaş Türkiyə seriallarla, filmlərlə, kitablarla, siyasi ritorika ilə Osmanlıya döndükcə necə realist baxışdan uzaqlaşırsa, xəstələnirsə, qaranlıq keçmişimizə aludə olmuş diplomlu Məhəmmədhəsən əmilərin səyləri də bizi eyni yanlışa sürükləməkdədir.
Elmə, düşüncəyə doğru bir addım yürüməyə tənbəllik etməkdən utanmayan əksər cəmiyyət üzvlərimiz indi idol hesab etdikləri qəbirlərə doğru kilometrlərlə yürüdüyü addımların sayı ilə qürrələnməkdədir.
Siz İslamın Kitabını qoyub, inandığınız ölü bütlərə doğru yürüyün, siz Cumhuriyyətin Kitabını qoyub qaranlıq keçmişimizin cəhalət idollarına olan sevginizi yaşayın, bizlər də Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Sabirin, Məhəməd Əmin bəyin, Üzeyir bəyin varlığımız, müstəqilliyimiz, sağlam düşüncəmiz üçün zəruri olan zamanın şərtlrinə, ömrün vəfasına və Şeyx Nəsrullah tərəfdarlarının bolluğuna görə tamamlaya bilmədikləri Çağdaşlıq Kitabımızı sağlam düşüncə ilə zənginləşdirməyə çalışaq. Son vaxtlardakı müzakirə olunan mövzunun strateji istiqamətini cılızlaşdırıb kənarda başından böyük eyhamla danışanlar, təhqir edənlər, din, tarix mövzusunda öz gerizəkalılığı ilə qürrələnənlər, sizlərin sadə bir məntiqlə- Azərbaycan Respublikasının ali dövlət maraqları üzərindən topanızı bir yazı və ya bir çıxışla darmadağın etmək mənim üçün adi bir işdir. Bir il öncə çapdan çıxmış “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” adlı kitabımızın əslində bu missiyanın nümunələrindən biri olduğunu düşünürəm. Ancaq unutmayaq ki, aydınlanma geniş bir səbr və iradə tələb edən bir sürəcdir. Ona görə də bu yolda öz məsuliyyətini anlayan dostlarımıza tövsiyəm budur ki, doğruları anlatmağa daha böyük irədə ilə davam edin. Mətnlər, kitablar yazmağa davam edin.
Elə bu iradə ilə də yeni kitab üzərində işləyirəm. Unutmayın, din cəhalətinin, siyasi və sosial qaragüruhçuluğun, yanlış tarix şüurunun qarşısına qoyulacaq yalnız bir nəsnə var. Onun da adını Mirzə Cəlil hayqırmış! Dönsəniz XX əsrin reallığına, anlasınız XXI əsrdə bizi gözləyən təhlükələri, bəlkə o adı haçansa tapmaq sizlərə də nəsib olacaqdır”.
Orxan











