Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. O, siyasi fəaliyyətini bundan sonra müstəqil şəkildə davam etdirəcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, M.Yavaş bu barədə sosial mediadakı açıqlamasında bildirib.
O bildirib ki, siyasətdə bəzi qərarlar qəzəblə verilmir və incikliklə açıqlanmır. Yavaşın sözlərinə görə, belə qərarlar uzun müddət düşünülərək qəbul edilir, vicdanla ölçülüb-biçilir və məsuliyyəti üzərinə götürülür.
Yavaş Türkiyədə 19 martda başlayan və sonradan “mütləq butlan” müzakirələri də daxil olmaqla müxtəlif hüquqi və siyasi mübahisələrlə davam edən prosesin ölkə siyasətini narahatedici vəziyyətə gətirdiyini qeyd edib.
“Mən bu proses boyunca nə düşündüyümü, nəyə etiraz etdiyimi və necə bir yol təklif etdiyimi açıq şəkildə ifadə etdim. Dünən nə demişdimsə, bu gün də eyni mövqedəyəm. Düşüncələrimdə dəyişən heç nə yoxdur”, – deyə Yavaş bildirib.
Yavaş Türkiyədə demokratik yollarla hakimiyyət dəyişikliyinin baş verməsi halında bunun müxalifətin bir-birini zəiflətməsi ilə deyil, ümumi prinsiplər ətrafında bir araya gəlməsi ilə mümkün olduğunu düşündüyünü qeyd edib.
O, son aylarda CHP daxilində gedən müzakirələrin, xüsusilə “mütləq butlan” məsələsi ətrafında aparılan prosesin partiyada dərin parçalanmaya səbəb ola biləcəyini və bunun yalnız CHP-yə deyil, Türkiyədə demokratik siyasətə olan ümidə də zərər verə biləcəyini dəfələrlə ifadə etdiyini bildirib.
“Daha əvvəl partiya daxilində şəxsiyyətimlə və ya tutduğum mövqe ilə bağlı narahatlıq varsa, bunun tələbini yerinə yetirəcəyimi demişdim. Bu gün verilən bəzi açıqlamalar səbəbindən Cümhuriyyət Xalq Partiyasına üzvlüyümdən ayrılıram və siyasi yolumu müstəqil şəkildə davam etdirdiyimi ictimaiyyətin diqqətinə çatdırıram”, – deyə Yavaş vurğulayıb.
Yavaş CHP daxilində birlikdə siyasət apardığı şəxslərə münasibətinin dəyişməyəcəyini də bildirib.
“Dünən birlikdə yol getdiyim heç bir dostumu bu gün siyasi seçiminə görə yox saymayacağam”, – deyə o qeyd edib.
Ankara bələdiyyə sədri üç dəfə CHP-nin namizədi kimi seçkilərdə iştirak etdiyini xatırladaraq, seçki kampaniyalarında onun yanında olan, ona inanan və dəstək verən hər kəsə ömrü boyu təşəkkür borclu olduğunu bildirib.
Yavaş seçicilərin siyasətə və siyasətçilərə inamının ciddi şəkildə zədələndiyini də qeyd edib. Onun fikrincə, bunun məsuliyyətini seçicidə deyil, siyasətçilərin özündə axtarmaq lazımdır.












