Bərdə rayonunun Güloğlular kəndində su təchizatının yaradılması münasibətilə mərasim təşkil olunub.
Gununsesi.infoxəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilib ki, mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Bərpa edilən subartezian quyusunun suyunun cod olması səbəbindən suyun keyfiyyətinin yaxşılaşdırılması nəzərə alınaraq gün ərzində məhsuldarlığı 50 kub metr olan membran texnologiya əsaslı tərs-osmos tipli modul sutəmizləyici qurğular kompleksi quraşdırılıb.
Modul tipli sutəmizləyici qurğudan emal edilən keyfiyyətli suyun əhalinin istifadəsinə çatdırılması üçün 1.5 km uzunluğunda su xətti çəkilib. Əhaliyə verilən içməli suyun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə suyun zərərsizləşdirilməsi də qurğuda nəzərdə tutulub.
Qeyd edək ki, Güloğlular kəndində 712 fərdi yaşayış evi olmaqla 3178 nəfər içməli su ilə təmin olunub.





















