Hamının içində tənha qalan jurnalist…

  • By admin
  • 09 İyul 2022 09:15

Qızmar günəşin, hətta istidən əmələ gələn təri qurudan bir gün, Heydər Əliyev Pambıq tarlalarında məhsuldarlığı yoxlamaq üçün rayonlara səfərə çıxır. Sözsüz ki, respublikanın rəhbərini vacib vəzifəli şəxslər və SSRİ-nin mərkəzi televiziya kanalının əsas ictimai-siyasi verilişi olan “Vremya” proqramının müxbiri Mais Məmmədov müşaiyət edir.

Günorta saat 12:30. Amansız günəş və rayon rəhbərliyin sahəyə olan mərhəmətsiz münasibəti nəticəsində susuz qalan pambıq kollarının artıq atası yanmışdı…
Bakıdan gələn, zirehli qara kostyumlarla silahlanmış zəhmli nümayəndə heyəti İmişli çöllərində sözün əsl mənasında əriyərək pambıq kollarını mineral və vitaminlərlə zəngin tərləri ilə suvararaq tarlaya dirçəliş gətirməsələr də, ayrı-ayrı kollara himayəlik edirdilər.

Bu dərdi öz üzərində və kamerayla çəkən Mais Məmədov vəziyyətdən çıxış yolu taparaq, qeyri-müəyyən tərzdə, kəfənini belinə sərib, büdrəyərək susuz tarlanı seyr edən, artıq dərəcədə əsəbi Heydər Əliyevə yaxınlaşdı. Bu əsl mərd bir adamın hərəkəti idi.
– Heydər Əliyeviç, 42 dərəcə isti, İmişli çöllərində, kostyum və qalstukda tarlalarda hərəkət və çıxışlar etmək olmaz!
Hər bir cavaba hazır olan cəsur jurnalist tapanca kimi bu sözləri qarşısında duran böyük bir liderə atdı və gözlərini belindəki şərti kəfənə endirərək aqibətini gözləməyə başladı… Lakin Heydər Əliyev artıq dərəcədə əsəbi olmağına baxmayaraq reaksiyası gözlənilməz şəkildə təmkinli oldu.
– Nə təklif edirsən?
İnanmasa da, yeni bir nəfəs alaraq Mais müəllim gözlərini Heydər Əliyevin simasına qaldıraraq, əli ilə gün və həyacan tərini silərək fikrini davam etdi.
– Bilmirəm, amma bir qısa qol köynək məncə bu şəraitdə daha əlverişli və rahat olar!
Alnından qar kimi təmiz cib dəsmalı ilə tərini silən Heydər Əliyev, nüfuzedici baxışı ilə Mais müəllimin beynində olan bütün fikirləri arasında eşələndi və dedi.
– …və bütün SSRİ və dünya axşam məni “Vremya” proqramında kostyumsuz görsün?
Əsasən koma vəziyyətinə düşən insanların çoxu o dünyadan qayıdandan sonra uzun bir ağ işıqla dolu koridor haqqında bəhs edirlər. Heydər Əliyevin bu sualından sonra Mais müəllim “ağ uzun koridor” fərziyələri ilə bu anlar şəxsən tanış olmasına baxmayaraq cavab verməyə özündə güc taparaq komadan dərhal çıxmağa müvəffəq oldu və “harda qırıldı-qırıldı” qəhramanlıq düsturuna sadiq qalaraq cavab verdi.
– Bəli! Qoy bütün SSRİ-nin və digər ölkələrin rəhbərləri Sizdən ibrət dərsi alsın!..

Axşam bütün dünyaya yayımlanan “Vremya” proqramında Heydər Əliyev qısa qollu köynəkdə çıxış etdi… və bundan bir həftə sonra Stavropolda SSRİ-nın rəhbəri Leonid İlyiç Brejnev də həmən tərzdə, qısaqol köynəklə, həmən “Vremya” proqramında çıxış etdi…

84 il əvvəl, 1938-ci il iyulun 12-də, dünya mediyasına təsiri təkcə reportajları ilə məhdudlaşmayan, böyük jurnalist Mais Məmmədov anadan olub.

O, təqlid olunmaq üçün yaranıb desək yanılmarıq – həm insan, həm də jurnalist kimi onu fərqləndirən əsas iki xüsusiyyət dərin savad və əsl kişilikdir. Daim ciddi kostyum və sinəsindən bir qılınc kimi asılan qalstuk, uca boylu cəngavəri kütlə içində həmən fərqləndirirdi. Reportajlarında da eynidir – çox mənalı cümlələr, epitetlərlə və psixologizmlə bol, emosiyasız lakin insan düşüncələrini və hisslərini çatdırmaqda özünəməxsus dərəcədə incə olan jurnalist. Jurnalistika tarixində Mais Məmmədov duyğuları və çətinlikləri reduksiyaya məruz qoyan ən böyük usta sayılır – amma bu arada onun öz həyatı bu emosiya və çətinliklərlə dolu olaraq qalır.

Onun atası hərbiçi idi və XX-ci əsrin ortalarında, SSRİ də bu, artıq elita, cəmiyyətin hörmətli hissəsinə aid olmaq demək idi. Ailə şəraiti Mais müəlimə məktəbdə yaxşı oxuyaraq elə ilk journalist addımlarını sinif divar qazetinin nəşrini ələ almaqla atmağa başladı. Universiteti bitirdikdən sonra “Mayak” beynalxalq radiosunda müxbir vəzifəsi və sonda SSRİ-nın ən böyük və bütün dünyaya yayımlanan içtimai-siyasi icmalı olan mərkəzi kanalda Azərbaycan üzrə müxbir məntəqəsinin rəisi vəzifəsi. Azərbaycan müstəqil olandan sonra da Mais müəllim Azərbaycan haqqında bütün həqiqətləri artıq Rusiya Mərkəzi televiziyasının əsas xəbər proqramlarına çatdırırdı. O zaman Azərbaycan tam informasiya blokadası şəraitində yaşayanda və 1990-cı il qanlı yanvar hadisələri haqda informasiyaları paylayan Mais Məmmədovun bürosu çox cuzi lakin təsirli məlumat mənbəyi idi. Operatoru Nadir Zeynalovla, Mais müəllim birinci Qarabağ müharibəsini ilk günündən sonuna qədər cəbhədə olmuş və ordan Ermənistanın separatçı propaqandasını reportajları ilə tam ifşa edirdi. Elə şəkər xəstəliyini də orda qazandı…
Bütün müharibə boyu döyüş riskini sevən Mais müəllim eyni zamanda əsas pasifist jurnalistlərindən biri, istənilən zorakılığın qeyd-şərtsiz tənqidçisi olmağı bacardı. Və buna dəyərli sübut onun Çingizdən dərhal sonra xarici jurnalistlərlə birlikdə Xocalı qətliyamını lentə alaraq bütün dünyaya haray çəkməklə, dünyanı günahsız Azərbaycanlı qurbanlarına mərhəmətlə yanaşaraq cinayətkarları qınamağa çağırışı idi.

Həm zehni, həm də fiziki gücün təcəssümü olan Mais Məmmədov, əslində, bütün həyatı boyu xəstəlik və zədələri mətanətlə toplayaraq onlarla yaşamağı bacarır. O, uşaqlıqdan bir gözünü itirərək az qala yazı yazmaq qabiliyyətini də itirmişdi. Lakin buna baxmayaraq jurnalist peşəsini seçir və hamıya sübut edir ki, bir gözlə də dünyaya baxıb onu daha yaxşı etmək mümkündür. Sonralar isə Qarabağ müharibəsində hər an dərd və sarsıntı çəkərək Mais müəllim şəkərli diabet qazandı. Buna baxmayaraq, Azərbaycanın əleyhinə material hazırlamaqdan imtina edən Mais Məmmədov Rusiyanın Mərkəzi televiziyasından öz ərizəsi ilə çıxır və ANS Televiziyasından dərhal Baş Direktor vəzifəsini icra etmək üçün dəvət alır. Bu işdə də onun səhhətini sürprizlər gözləyir – pnevmoniya, hipertoniya və digər xəstəliklərə baxmayaraq Mais müəllim öz işini həmişəki kimi səmərəli, peşəkar və fədakarcasına görür. ANS-in bağlanması da ona böyük bir dərd oldu və yeni xəstəlik gətirdi… Amma buna baxmayaraq Mais son günlərədək jurnalist kimi fəaliyyətini davam edir, məqalələr yazır, intervyular verirdi.
Lakin bir neçə gün əvvəl Ustadın halı birdən birə pisləşir və onun mədəaltı vəzində həkimlər ciddi problemlər əşkar edirlər. Dünən, həyatı boyu birlikdə olduğu, ilk və sonuncu məhəbbəti olan həyat yoldaşı və qızı ilə birlikdə Mais müəllimi Mərkəzi Klinik Xəstəxanasına aparanda da o mənə qocaman journalist kimi bir neçə nəsihət verməyi unutmadı.
– Qulaq as, bu “haşarat” (Mais müəllimin təbirincə – müəllif) ermənilər, yenə də nəsə aktivləşirlər, sən bunu belə qoyma, bir araşdırma et… Onları başlı-başına buraxsaq kəfənlərini də batırarlar…
Bütün bədəninin sarı rəngə dönməsi və ciddi şəkildə arıqlaması məni son dərəcə sarsıtsa da, dözdüm, necəsə saxladım göz yaşlarımı.
– Baş üstə Mais müəllim, heç narahat olmayın. Bir az tək qalacaqsınız, amma bu bir az dincəlmək üçün də bir səbəbdir. Bütün arif adamlar tənhalığı sevib.
Bir, lakin dərin kataklizmalardan keçərək dərd çəkmiş gözü ilə mənə diqqətlə baxdı və pauzadan sonra dedi.
– Əsl tənhalıq mütləq tək qalmaqla məhdudlaşmır. Düz deyirsən Arif adamlar tənhalığı seçir, amma onlar heç də tənhalıq axtarmır, onlar sadəcə olaraq küsdükləri dövrandan qaçırlar. Məndən narahat olmayın!

Eldar Quliyevdən sonra və onun kimi növbəti Dostum, Müəllimim, SSRİ-nın və Azərbaycanın Əməkdar Jurnalisti, Böyük Azərbaycanlı və Cəsarətli ürəyə malik insan Mais İsmayıl oğlu Məmmədov özünün 84-cü ad gününü ağır mədəaltı vəzi xəstəliyi diaqnozu ilə reanimasiyada təklikdə keçirəcək deyəsən.

Mais müəllim həmişə bizim yanımızda olub, bütün həyatı boyu bir jurnalist kimi Azərbaycanı və Azərbaycanlıları qoruyub. Ölkədə və keçmiş SSRİ məkanında onun minlərlə şagirdi var, amma reanimasiyaya onu həyat yoldaşı, qızı və mən yola saldıq.

P.S. Fürsətdən istifadə edib bütün həkimlərə təşəkkür edirəm və onlardan xahiş edirəm ki, Mais müəllimi bizə geri qaytarsınlar. O bizə hələ çox lazımdır. Bu günlərdə Azərbaycan real jurnalistikasının növbəti meyiti Təbrizdə torpağa tapşırılan zaman bizə, milli jurnalistikamızı dirçəltmək üçün Mais müəllim kimi Ustadlar çox lazımdır, əks halda sadəcə savadsızlıq və tərbiyəsizlik ucbatından ümumiyyətlə jurnalistikamızı itirəcəyik!

Allah Mais müəllimə şəfa versin!

Vahid Mustafayev