“Həm İsrail, həm Tehran tərəfi müharibə ritorikası ilə çıxış edir” -SƏDRƏDDİN SOLTAN

İsrail Baş naziri Binyamin Netanyahu deyib ki, 12 günlük müharibədə İrandakı mövcud rejimin devrilməsi İsrailin məqsədi olmayıb, amma belə bir nəticə baş verə bilərdi”.

Baş nazirin sözlərinə görə, rejimin devrilməsi İran xalqından asılıdır:

“İran xalqı baş verənləri görür, əgər inqilab olacaqsa, bu, ölkənin öz daxilindən başlamalıdır. İstərdim ki, İran xalqı öz taleyini özü həll etsin. Onlar buna layiqdirlər, böyük və qədim bir xalqdırlar. Təxminən 2500 il əvvəl bizimlə İran xalqı arasında çox yaxşı münasibətlər olub”.

Maraqlıdır İsrail və İran arasında münasibətlər yenidən gərginləşə bilərmi?

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu belə şərh edib:

“İran-İsrail münaqişəsi bitməyib. Ateşkəs isə tərəflərin sözləşməsi, yəni şifahi razılığı əsasında yekunlaşıb. Yəni tərəflər arasında üzərlərinə hansısa öhdəlik götürməsi baş verməyib.

Bu baxımdan tərəflər arasında razılıq yaranıb, lakin ateşkəs rejiminin pozulması ehtimalı mümkündür. Nəzərə almaq lazımdır ki, Tehran hakimiyyəti ABŞ ilə danışıqlara getməkdən imtina edir. Bu isə məsələnin bir qədər gərginləşməsinə səbəb olur.

Xüsusən ötən gün G7-liyin xarici işlər nazirləri İrana ABŞ ilə danışıqlara getməyə çağıran bəyanat veriblər. Bu o deməkdir ki, diplomatik yolla məsələlərin həlli hələ tükənməyib, amma müharibə variantı da qüvvədədir. Həm İsrail, həm Tehran tərəfi müharibə ritorikası ilə çıxış edir. Amma unutmayaq ki, ötən ay İsrail baş naziri Rusiya Prezidenti Vladimir Putinə İrana müharibə etməyəcəyini əks etdirən məktubla müraciət etmişdi.

Həmin məktubu Rusiya Prezidenti İranın ali lideri Seyid Əli Xameneiyə çatdırmışdı. Yəni, bu tərəflər arasında müharibənin baş verməyəcəyi arxayınlığını da yaratdı”.

Sədrəddin Soltan İran qarşısında İsrailin və ABŞ-ın irəli sürdüyü şərtlərdən danışıb :

“İlk öncə nüvə fəaliyyətini sıfıra endirmək, uranın saxlanıldığı yerlə bağlı məlumat vermək və ABŞ ilə birbaşa danışıqlara başlamaq. İran tərəfi, xüsusən İran prezidenti Məsud Pezeşkian, bu yaxınlarda bəyan edib ki, dağıdılmış nüvə obyektlərinin bərpası istiqamətində fəaliyyət göstərirlər. Amma bu fəaliyyət hələ həmin nüvə obyektlərinin dirçəldilməsi demək deyil.

Bu həm siyasi bəyanat, həm də ölkə daxilinə, ictimaiyyət üçün çəkindiricilik amili ola bilər. Digər tərəfdən, İranın Xarici İşlər Müdirliyi Abbas Əraqçı bəyan edib ki, İranın uranı və digər nüvə avadanlığı bombardman zamanı dağıntılar altında qalıb. Bu isə İrana və ya İsrailə nüvə obyektləri adı ilə hücum etmək ehtimalını azaldır.

İranın hərbi doktrinasında kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı öhdəlik var. Bu öhdəliyin aradan qaldırılması üçün İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xamenei fətva verməlidir ki, kütləvi qırğın silahlarının istehsalına başlanılsın.

Bu baxımdan, İranın yaxın zamanda kütləvi qırğın silahları, nüvə silahları və digər oxşar silahları əldə etməsi ehtimalı sıfıra bərabərdir.

Nə baş verə bilər? Tehran hakimiyyəti raket istehsalı sahəsində fəaliyyətini genişləndirərsə, regiondakı proksi qüvvəsi, xüsusən Hizbullahı gücləndirmək üçün əlavə yardımlar, hərbi qüvvələr və texnika göndərərsə, eləcə də İraqda İran yönlü qüvvələri gücləndirərsə, İsrail, ABŞ və Qərbin maraqlarına qarşı mübarizə apararsa, Tehran hakimiyyətinə qarşı əlavə hərbi əməliyyatlar həyata keçirilə bilər.

Amma indiki şəraitdə bu, müharibə partiyası ilə bağlı təbliğatdır və tərəflərin bir-birinə çəkindiricilik xarakteri daşıyır”.

 

 

 

Şəbnəm 

Gununsesi.info