Hökumət insan haqları öhdəliklərinə tam riayət olunmasını təmin etmək üçün qətiyyətli addımlar atmalıdır - DUNYA MİYATOVİÇ

Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda insan haqlarının və medianın durumu ilə bağlı bəyanat yayıb.

Komissarın ofisindən Gununsesi.info-nun elektron poçtuna göndərilən bəyanatda Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin üzləşdiyi durumdan narahatlıq ifadə olunur:

“Baş verənlər dərin narahatlıq üçün əsasdır və ifadə azadlığını boğur. 

Son aylarda Azərbaycanda  müstəqil mediaya, vətəndaş cəmiyyətinə və öz işlərini qanuni şəkildə daşıyan, fərqli fikirlər və ya hökumətə qarşı tənqidi fikirlər səsləndirən fəalların həbsi  həyata keçirilir.

2023-cü ilin noyabrında ən azı altı jurnalist şübhəli ittihamlarla, o cümlədən Abzas Media-nın direktoru Ülvi Həsənli və onun baş redaktoru Sevinc Vaqifqızı, Kanal 13 onlayn televiziya kanalının təsisçisi Əziz Orucov və aparıcısı Rüfət Muradlı həbs edilib”.

Komissar daha sonra  Toplum TV ətrafında baş verənlərə də toxunub.

2024-cü ilin mart ayının əvvəlində polis müstəqil internet televiziyası olan Toplum TV-nin ofisinə basqın edərək onun təsisçisi Ələsgər Məmmədli və jurnalist Müşfiq Cabbarı saxlayıb. Mən Azərbaycanda qanuni fəaliyyətlərinə görə saxlanılan və ya təzyiqlərə məruz qalan digər şəxslərin, o cümlədən həbsdə olarkən bir sıra ciddi səhhətindən əziyyət çəkən akademik və tanınmış vətəndaş cəmiyyəti xadimi Qubad İbadoğlunun vəziyyətini də narahatlıqla izləyirəm.

2019-cu ildən bəri mən dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini ifadə və media azadlığından istifadə ilə bağlı vəziyyətin pisləşməsinə, eləcə də hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəalları üçün müxtəlif formalarda düşmənçilik mühitinin davam etməsinə yönəltmişəm.

Təəssüflər olsun ki, hakimiyyət bu sahələrdə insan haqları ilə bağlı öhdəliklərinə kəskin məhəl qoymamaqda davam edir və bununla da ölkə daxilində vəziyyəti daha da gərginləşdirir.

Ötən ay Bakıda məhkəmə əvvəllər hakimiyyəti azad etməyə çağırdığım müstəqil jurnalist Əvəz Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib.

Mən həmçinin uzun illər ərzində hədə-qorxu altında qalan,  o cümlədən cinayət təqibi, təhdid və fiziki zorakılıq hədəfinə çevrilmiş və bu günə kimi dəmir barmaqlıqlar arxasında qalan tanınmış vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı müraciət etmişəm.

Mən bir neçə dəfə, məsələn, 2023-cü ilin iyulunda Azərbaycanın Daxili İşlər Nazirinə yazdığım məktubda və bu yaxınlarda dərc olunmuş Müşahidələrimdə Azərbaycanı ifadə azadlığı, dinc toplaşmaq azadlığı və insan hüquqlarının müdafiəsi ilə bağlı standartlara riayət olunmasını təkmilləşdirməyə çağırmışam.

Hüquq müdafiəçiləri, vəkillər və vətəndaş cəmiyyəti fəalları öz qanuni fəaliyyətlərini təhlükəsiz və əlverişli şəraitdə, repressiya, təqib və digər maneələrə məruz qalma riski olmadan həyata keçirməlidir.

Mən Azərbaycan hökumətini insan hüquqları ilə bağlı öhdəliklərinə tam riayət olunmasını təmin etmək üçün qətiyyətli addımlar atmağa çağırıram.

Bu, qanuni fəaliyyətinə və ya fərqli və ya tənqidi fikir bildirdiyinə görə həbs edilmiş bütün şəxslərin, o cümlədən jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının azad edilməsini, jurnalistlərin, vətəndaş cəmiyyətinin və hüquq müdafiəçilərinin fəaliyyəti üçün əlverişli mühitin yaradılması deməkdir”.

Afət Abbasova 

Gununsesi.info