İbtidai siniflərin birləşdirilməsi ilə bağlı normaya yenidən baxılması təklif olunur

  • By Admin2
  • 05 Mart 2026 15:36

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyun 2020-ci il tarixli 212 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na əsasən, ibtidai təhsil səviyyəsində bir sinifdə şagird sayı 10 nəfərdən az olduqda həmin sinif digər azsaylı siniflərlə birləşdirilərək komplektləşdirilə bilər.

Gununsesi.info-nun xəbərinə görə, təhsil mütəxəssisləri hesab edir ki, müxtəlif yaş qruplarının və fərqli siniflərin birləşdirilməsi tədris prosesinin təşkilində bir sıra çətinliklər yaradır.

Belə hallarda müəllim eyni vaxtda bir neçə proqram üzrə dərs aparmalı olur ki, bu da tədrisin səmərəliliyinə mənfi təsir göstərə və şagirdlərin proqram materialını mənimsəməsini çətinləşdirə bilər.

Bu səbəbdən qeyd olunan normaya yenidən baxılması, azsaylı siniflərin birləşdirilməsi əvəzinə həmin məktəblərdə müəllim sayının artırılması təklif olunur. Məqsəd təhsilalanların dövlət təhsil standartlarına uyğun bilik və bacarıqlara daha effektiv şəkildə yiyələnməsini təmin etməkdir.

Təklif müəllim yükünün optimallaşdırılması, fərqli yaş qrupları arasında tədris prosesinin daha səmərəli təşkili və ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından vacib hesab olunur.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edir. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info